Noyabrın 15-də Təhsil nazirinin müavini Firudin Qurbanov Mingəçevir şəhərindəki Gənclər Evində Bərdə rayon və Mingəçevir şəhər sakinlərini qəbul edib.

 

Qəbuldan əvvəl Təhsil nazirinin müavini Firudin Qurbanov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Qəbul 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib. Qəbulda sözügedən bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

 

Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

 

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, təhsilalanların köçürülməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.