Naxçıvan Dövlət Universitetində (NDU ) Tibb fakültəsinin yaranmasının 20 illiyi ilə əlaqədar “İlk tibbi yardım” adlı konfrans-simulyasiya keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimi, universitetin Ümumi təbabət və gigiyena kafedrasının müəllimi Bəxtiyar Hüseynov “İlk tibbi yardımı niyə hamı bilməlidir? adlı çıxışında ixtisasından asılı olmayaraq, hər bir kəsin ilk tibbi yardım qaydalarını bilməsinin zəruriliyindən danışıb.

 

Ani ölüm və bədbəxt hadisə zamanı şəxsin həyatını qurtarmaq üçün həkiməqədər edilən ilkin yardım üsulları barədə məlumat verilib. Bildirilib ki, vaxtında edilən müdaxilə zərərçəkən şəxsin həyatının qurtarılma şansını artıra bilər.

 

Təcili tibbi yardımı öyrənmək üçün tələbələrin Türkiyədə təcrübədə olduğu da diqqətə çatdırılıb.

        

Tədbirdə tələbələrin “Kliniki ölüm”, “Qanaxmalar”, “Yuxarı tənəffüs yollarına yad cismin düşməsi”,  “Zəhərlənmələr”, “Sınıqlar”, “Bədbəxt hadisələr”, “Torpaq altında qalma”, “Yanıqlar”, “Epilepsiya” adlı simulyasiyaları əyani şəkildə təqdim edilib.

        

Naxçıvanın səhiyyə naziri Niyazi Novruzov və NDU-nun rektoru Saleh Məhərrəmov keçirilən tədbirin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, tələbələrin ilk tibbi yardımı belə peşəkar şəkildə göstərmələri onların nəzəri bilikləri təcrübədə uğurla tətbiq edə bildiklərini sübut edir.