Türkiyənin Milli Təhsil Nazirliyi 18-22 noyabr tətili günlərində təhsilalanların vaxtlarını  daha səmərəli keçirməsini  təşkil etmək məqsədilə ölkənin 81 vilayətində xüsusi tədbirlər planı hazırlayıb.

 

Nazirlik bu məqsədlə  "aratatil.meb.gov.tr" internet səhifəsini istifadəyə verib.  Səhifədə təhsilin ayrı-ayrı səviyyələri üzrə şagirdlər üçün tətil günləri ilə bağlı  təkliflərin əks olunduğu fəaliyyət proqramı yer alıb.    
 

Türkiyənin milli təhsil naziri Ziya Selçuk  özünün  Twitter hesabından  18-22 noyabr tarixlərində  davam edən  2019-2020 -ci tədris ilinin  ilk aralıq  tətil  günləri ilə bağlı fikirlərini  paylaşıb: "Ara tətili  təhsilə  verilmiş fasilə deyil. Bu  bir həftə  uşağın idmanla, incəsənətlə, təbiətlə, mədəniyyətimizlə, dəyərlərimizlə tanış olması  üçün bir fürsətdir. Biz 81 vilayətin  fəaliyyətinin siyahısını tərtib etdik.  Tədrisə fasilə vermirik. Uşaqlarımızı  həyatdan  bəslənməyə,  yaşamdan öyrənməyə göndəririk".


"Valideynlərin övladları ilə daha səmərəli vaxt keçirmələrini təmin etmək istəyirik. Təhsilalanlar  üçün hazırladığımız tədbirlər proqramı 16 əsas mövzunu əhatə edir.  Fəaliyyət proqramında şagirdlərin yararlana biləcəkləri  səyahət, sağlamlıq, təbiət və ətraf mühit, məlumat və texnologiya, savadlılıq, bədii fəaliyyət, idman, araşdırma və müşahidə, oyun və tapmacaların həlli, sosial məsuliyyət, gündəlik həyati bacarıqlar, sənətkarlıq, elm, həmrəylik, karyera planlaşdırması və ailə günü kimi  əsas başlıqlar var", -deyə Ortaöğretim Genel  müdiri Yusuf Büyük  bildirib.   
 

"Ailə günü"  çərçivəsində  şagirdlərin ana və ya atasının iş yerinə gedəcəyini bildirən Yusuf  Böyük əlavə edib ki,  uşaqlar,  ata-analarının gördüyü iş, həmkarları, iş mühiti ilə tanış olacaq.

 

Tədbirlərin məktəbdən kənarda həyata keçiriləcəyini vurğulayan Yusuf Büyük   əyalət milli təhsil müdirləri tərəfindən yaradılmış komissiyaların  qeyri-hökumət  təşkilatları, universitetlər, fondlar və sənaye təşkilatları  ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət göstərəcəyini bildirib.

 

Oruc MUSTAFAYEV