Beynəlxalq tədqiqat şagirdlərin kompüter və informasiya savadlılığını qiymətləndirib


Qloballaşma yeni dövrün trendlərindən biri kimi şagirdlərin rəqəmsal bacarıqlarının daim təkmilləşməsini zəruri edir.  XXI əsr reallıqları  uğurlu gələcəyin təmin olunması baxımından şagirdlərdən tənqidi təfəkkür və səriştə tələb edir.  Bu sahədə aparılan beynəlxalq tədqiqatlar  təhsilalanların yeni dünyada yaşamağa nə dərəcədə hazırlanması keyfiyyətlərini müəyyən etməyə kömək edir. 

 

Kompüter və İnformasiya Savadlılığı Beynəlxalq Tədqiqatının (ICILS -International Computer and Information Literacy Study) 2018-ci ilin  nəticələrinə dair son açıqlaması dünyada bu sahədə vəziyyəti və ölkələrin marağını əks etdirir.    Dünyanın 12 ölkəsində 46 mindən çox şagird və  26 min  müəllimi əhatə edən tədqiqatın nəticələrinə görə,  Danimarka məktəbliləri  557 balla kompüter və informasiya savadlılığı üzrə dünyada birincidir.  Rusiya  məktəbliləri 549 balla ikinci,  Koreya Respublikasının şagirdləri 542 balla 3-cü sıralarda yer alıb.

 

Ekspertlər  VIII  sinif şagirdlərinin kompüter və informasiya savadlılığını, həmçinin kompüter təfəkkürü bacarıqlarını qiymətləndiriblər.  Tədqiqatın keçirilməsində  məqsəd məktəblilərin rəqəmsal dünyada yaşamağa, təhsilə və  iş həyatına nə qədər yaxşı hazırlandığını öyrənmək olub. Tədqiqat testdən və böyük layihə tapşırığından ibarət  olub.  Uşaqlar kompüterlə işləmək, informasiya axtarmaq və onu idarə etmək, öz rəqəmsal məhsullarını yaratmaq, e-poçt və sosial şəbəkələrdən istifadə etmək bacarığını nümayiş etdiriblər.

 

Araşdırmada Rusiyanı təmsil edən Moskvanın səkkizinci sinif şagirdlərinin 34 faizi informasiya savadlılığının yüksək  səviyyəsini göstərib. Maraqlı məqam odur ki,  qızlar daha yüksək nəticələr göstəriblər, onlar 552 bal toplayıblar. Oğlanlar orta hesabla bir az aşağı - 546 bal əldə ediblər.  Araşdırmada iştirak edən müəllimlər məktəblərdə informasiya texnologiyalarının mövcudluğu və əlyetərliyi ilə bağlı anketləri doldurublar.  Rusiya paytaxtı ən yüksək nəticələr göstərib.  Paytaxt müəllimlərinin əksəriyyəti   məktəblərinin kifayət qədər müasir kompüter avadanlığına malik olduğunu, yüksəksürətli internetə çıxış əldə etdiyini və müəllimlərə İKT sahəsində peşə vərdişlərinin inkişaf etdirilməsi üçün imkanlar yaradıldığını  bildiriblər.

 

Uşaqların İT bacarıqlarının inkişafına hansı amillər təsir göstərir?

 

Tədqiqat gedişində  VIII sinif şagirdlərində İT səlahiyyətlərinin formalaşması səviyyəsi  qiymətləndirilib.  Tədqiqat aşağıdakı sualları cavablandırmağa imkan verir: məktəb təhsili şagirdlərin İT səlahiyyətlərinin formalaşmasına necə kömək edir və uşaqların İT bacarıqlarının inkişafına hansı amillər təsir göstərir. Tədqiqat tapşırıqları aparıcı beynəlxalq ekspertlərin və  tədqiqata qoşulmuş ölkələrin iştirakı ilə hazırlanır.

ICILS testi  tam şəkildə avtomatlaşdırılıb.   Test modullarının iştirakçıları kompüterdə çıxış edirlər. Tapşırıqlar qapalı sistem əsasında qurulub. İştirakçılar digər resurslara çıxışı olmayan xüsusi yaradılmış mühitdə informasiyanın axtarışını, işlənməsini və ötürülməsini həyata keçirir. Fənn müəllimləri, İT koordinatorları və məktəb direktorları anket sorğularında iştirak edirlər. Tədqiqat iştirakçısı olan ölkələr, həmçinin təhsil siyasəti və təşəbbüsləri, infrastruktur resursları və müəllimlərin İT  səriştələrinin peşəkar səviyyəsi haqqında məlumat verirlər.

 

Tədqiqatın nəticələri İT siyasətinin və təcrübəsinin məktəblilərin tədris nailiyyətlərinin səviyyəsinə təsirinin təhlilinin aparılmasında istifadə olunacaq. Tədqiqat tələbələrin, məktəblərin, müəllimlərin, məktəb direktorlarının müvəffəqiyyətinin qiymətləndirilməsini nəzərdə tutmur. Toplanmış məlumatlar ümumilikdə respondentlərin eyniləşdirilməsi olmadan təhsil sistemlərinin monitorinqini aparmağa imkan verəcək.

 

Şagirdlər İKT-nin təhsildə roluna müsbət yanaşırlar

 

Tədris Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IEA) icraçı direktoru dr. Dirk Hastedt beynəlxalq tədqiqatın nəticələrini belə şərh edib: “Qeyd etmək sevindirici haldır ki, tədqiqatda iştirak edən bütün ölkələrin təhsil sistemlərində şagirdlər və müəllimlər İKT-nin  təhsildə və cəmiyyətdə roluna müsbət yanaşırlar. Bundan əlavə, tələbələrin əksəriyyəti məktəbdə kompüter və informasiya savadlılığı məsələlərini öyrəndiklərini, 74% isə məktəbdə İKT vasitəsilə informasiya axtarmaq üçün  necə öyrədildiklərini  bildirib. Sevindirici haldır ki,  milli təhsil sistemlərində tələbələrin əksəriyyəti tədris üçün proqram təminatı ilə bağlı resurslara çıxış əldə edirlər”.

 

D.Hastedt hesab edir ki, rəqəmsal cihazlardan istifadə səlahiyyətləri bütün dünyada vacibdir. Gənclərin məktəblərdə bu bacarıqları öyrənmələri və onların müəllimlərinin müasir təhsilin bu əsasının təmin edilməsində lazımi dəstək almaları son dərəcə əhəmiyyətlidir.  

 

Araşdırmanın direktoru Julian Freire qeyd edir ki,  ICILS şagirdlərin hesablama düşünmə bacarıqlarını birbaşa ölçən ilk tədqiqatdır.   Bu, həqiqətən bir tədqiqatçı kimi maraqlıdır, çünki bu, bizdə gənclərin problemləri idarə olunan parçalara necə bölməsi,  problemləri təhlil edə bilməsi, ardıcıllığı axtarmaq və sonda tapşırığın həlli üçün  ardıcıl təlimatlar yarada biləcəyi barədə təsəvvür formalaşdırır. 

 

Bundan əlavə, ICILS təhsil sistemləri, məktəblər və müəllimlərin təhsilalanları necə dəstəkləməyə çalışdıqları,  onların kompüter və hesablama bacarıqlarını inkişaf etdirən kontekstlər haqda zəngin məlumat verir.

 

“ICILS-nın nəticələrindən rəqəmsal dünyanın əsas bacarıqlarından istifadə edilməklə təhsilin davamlı surətdə yaxşılaşdırılması üçün istifadə olunacağını  görmək çox xoşdur və biz 2023-cü ildə keçiriləcək növbəti tədqiqata qədər daha böyük  inkişaf gözləyirik”, - deyə Julian Freire bildirib.

 

Qeyd edək ki, 2013-cü  ildən sonra  aparılan beynəlxalq tədqiqatın  sayca ikinci mərhələsi  göstərib  ki, tələbələrin yalnız 2%-i internetdə tapılan informasiyanı tənqidi qiymətləndirmək qabiliyyətini nümayiş etdirib.  ICILS dinamik məlumat mühitimizdə təhsilalanlara uğur qazanmaq üçün tələb olunan əsas bilik, bacarıqların aşılanması ilə məşğul olur. ICILS ölkələrə XXI əsrdə gənclərdə kompüter və informasiya savadlılığı  bacarıqlarının inkişafı haqqında etibarlı, müqayisə edilə bilən məlumatlar təqdim edir. Bundan əlavə, ICILS hesablama düşüncə bacarıqlarının dərhal qiymətləndirilməsində də unikaldır.

 

Tədqiqatın ikinci dövrünün nəticələri gənclərin “rəqəmsal aborigenlər” olduğuna dair ümumiləşdirməni şübhə altına alır və rəqəmsal cihazların istifadəsinə təsir göstərməklə onların tətbiqi  üzrə ekspert biliklərini inkişaf etdirir. Aparılan tədqiqat göstərir ki, şagirdlərə və onların müəllimlərinə yalnız bir informasiya-kommunikasiya avadanlığının (İKT) verilməsi avtomatik olaraq rəqəmsal savadlılığın mürəkkəb vərdişlərinin inkişafına gətirib çıxarmır. Şagirdlər kompüterlərdən necə səmərəli istifadə etməyi öyrənməli və onların müəllimləri tədrisdə İKT-nin istifadəsində dəstək almalıdırlar.

 

Qeyd edək ki, kompüter və informasiya savadlılığının tədqiqi  5 ildə bir dəfə IEA- Tədris Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən həyata keçirilir. Beynəlxalq tədqiqatda  Almaniya,  Danimarka,  İtaliya, Qazaxıstan, Koreya, Lüksemburq, Rusiya, Uruqvay, ABŞ, Finlandiya, Fransa və Çili iştirak edib.

 

Oruc MUSTAFAYEV