Şagirdlər rəqəmsal dünyada yaşamağa hazırdır? | |
Qloballaşma yeni dövrün trendlərindən biri kimi şagirdlərin rəqəmsal bacarıqlarının daim təkmilləşməsini zəruri edir. XXI əsr reallıqları uğurlu gələcəyin təmin olunması baxımından şagirdlərdən tənqidi təfəkkür və səriştə tələb edir. Bu sahədə aparılan beynəlxalq tədqiqatlar təhsilalanların yeni dünyada yaşamağa nə dərəcədə hazırlanması keyfiyyətlərini müəyyən etməyə kömək edir.
Kompüter və İnformasiya Savadlılığı Beynəlxalq Tədqiqatının (ICILS -International Computer and Information Literacy Study) 2018-ci ilin nəticələrinə dair son açıqlaması dünyada bu sahədə vəziyyəti və ölkələrin marağını əks etdirir. Dünyanın 12 ölkəsində 46 mindən çox şagird və 26 min müəllimi əhatə edən tədqiqatın nəticələrinə görə, Danimarka məktəbliləri 557 balla kompüter və informasiya savadlılığı üzrə dünyada birincidir. Rusiya məktəbliləri 549 balla ikinci, Koreya Respublikasının şagirdləri 542 balla 3-cü sıralarda yer alıb.
Ekspertlər VIII sinif şagirdlərinin kompüter və informasiya savadlılığını, həmçinin kompüter təfəkkürü bacarıqlarını qiymətləndiriblər. Tədqiqatın keçirilməsində məqsəd məktəblilərin rəqəmsal dünyada yaşamağa, təhsilə və iş həyatına nə qədər yaxşı hazırlandığını öyrənmək olub. Tədqiqat testdən və böyük layihə tapşırığından ibarət olub. Uşaqlar kompüterlə işləmək, informasiya axtarmaq və onu idarə etmək, öz rəqəmsal məhsullarını yaratmaq, e-poçt və sosial şəbəkələrdən istifadə etmək bacarığını nümayiş etdiriblər.
Araşdırmada Rusiyanı təmsil edən Moskvanın səkkizinci sinif şagirdlərinin 34 faizi informasiya savadlılığının yüksək səviyyəsini göstərib. Maraqlı məqam odur ki, qızlar daha yüksək nəticələr göstəriblər, onlar 552 bal toplayıblar. Oğlanlar orta hesabla bir az aşağı - 546 bal əldə ediblər. Araşdırmada iştirak edən müəllimlər məktəblərdə informasiya texnologiyalarının mövcudluğu və əlyetərliyi ilə bağlı anketləri doldurublar. Rusiya paytaxtı ən yüksək nəticələr göstərib. Paytaxt müəllimlərinin əksəriyyəti məktəblərinin kifayət qədər müasir kompüter avadanlığına malik olduğunu, yüksəksürətli internetə çıxış əldə etdiyini və müəllimlərə İKT sahəsində peşə vərdişlərinin inkişaf etdirilməsi üçün imkanlar yaradıldığını bildiriblər.
Uşaqların İT bacarıqlarının inkişafına hansı amillər təsir göstərir?
Tədqiqat gedişində VIII sinif şagirdlərində İT səlahiyyətlərinin formalaşması səviyyəsi qiymətləndirilib. Tədqiqat aşağıdakı sualları cavablandırmağa imkan verir: məktəb təhsili şagirdlərin İT səlahiyyətlərinin formalaşmasına necə kömək edir və uşaqların İT bacarıqlarının inkişafına hansı amillər təsir göstərir. Tədqiqat tapşırıqları aparıcı beynəlxalq ekspertlərin və tədqiqata qoşulmuş ölkələrin iştirakı ilə hazırlanır.
Tədqiqatın nəticələri İT siyasətinin və təcrübəsinin məktəblilərin tədris nailiyyətlərinin səviyyəsinə təsirinin təhlilinin aparılmasında istifadə olunacaq. Tədqiqat tələbələrin, məktəblərin, müəllimlərin, məktəb direktorlarının müvəffəqiyyətinin qiymətləndirilməsini nəzərdə tutmur. Toplanmış məlumatlar ümumilikdə respondentlərin eyniləşdirilməsi olmadan təhsil sistemlərinin monitorinqini aparmağa imkan verəcək.
Şagirdlər İKT-nin təhsildə roluna müsbət yanaşırlar
Tədris Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IEA) icraçı direktoru dr. Dirk Hastedt beynəlxalq tədqiqatın nəticələrini belə şərh edib: “Qeyd etmək sevindirici haldır ki, tədqiqatda iştirak edən bütün ölkələrin təhsil sistemlərində şagirdlər və müəllimlər İKT-nin təhsildə və cəmiyyətdə roluna müsbət yanaşırlar. Bundan əlavə, tələbələrin əksəriyyəti məktəbdə kompüter və informasiya savadlılığı məsələlərini öyrəndiklərini, 74% isə məktəbdə İKT vasitəsilə informasiya axtarmaq üçün necə öyrədildiklərini bildirib. Sevindirici haldır ki, milli təhsil sistemlərində tələbələrin əksəriyyəti tədris üçün proqram təminatı ilə bağlı resurslara çıxış əldə edirlər”.
D.Hastedt hesab edir ki, rəqəmsal cihazlardan istifadə səlahiyyətləri bütün dünyada vacibdir. Gənclərin məktəblərdə bu bacarıqları öyrənmələri və onların müəllimlərinin müasir təhsilin bu əsasının təmin edilməsində lazımi dəstək almaları son dərəcə əhəmiyyətlidir.
Araşdırmanın direktoru Julian Freire qeyd edir ki, ICILS şagirdlərin hesablama düşünmə bacarıqlarını birbaşa ölçən ilk tədqiqatdır. Bu, həqiqətən bir tədqiqatçı kimi maraqlıdır, çünki bu, bizdə gənclərin problemləri idarə olunan parçalara necə bölməsi, problemləri təhlil edə bilməsi, ardıcıllığı axtarmaq və sonda tapşırığın həlli üçün ardıcıl təlimatlar yarada biləcəyi barədə təsəvvür formalaşdırır.
Bundan əlavə, ICILS təhsil sistemləri, məktəblər və müəllimlərin təhsilalanları necə dəstəkləməyə çalışdıqları, onların kompüter və hesablama bacarıqlarını inkişaf etdirən kontekstlər haqda zəngin məlumat verir.
“ICILS-nın nəticələrindən rəqəmsal dünyanın əsas bacarıqlarından istifadə edilməklə təhsilin davamlı surətdə yaxşılaşdırılması üçün istifadə olunacağını görmək çox xoşdur və biz 2023-cü ildə keçiriləcək növbəti tədqiqata qədər daha böyük inkişaf gözləyirik”, - deyə Julian Freire bildirib.
Qeyd edək ki, 2013-cü ildən sonra aparılan beynəlxalq tədqiqatın sayca ikinci mərhələsi göstərib ki, tələbələrin yalnız 2%-i internetdə tapılan informasiyanı tənqidi qiymətləndirmək qabiliyyətini nümayiş etdirib. ICILS dinamik məlumat mühitimizdə təhsilalanlara uğur qazanmaq üçün tələb olunan əsas bilik, bacarıqların aşılanması ilə məşğul olur. ICILS ölkələrə XXI əsrdə gənclərdə kompüter və informasiya savadlılığı bacarıqlarının inkişafı haqqında etibarlı, müqayisə edilə bilən məlumatlar təqdim edir. Bundan əlavə, ICILS hesablama düşüncə bacarıqlarının dərhal qiymətləndirilməsində də unikaldır.
Tədqiqatın ikinci dövrünün nəticələri gənclərin “rəqəmsal aborigenlər” olduğuna dair ümumiləşdirməni şübhə altına alır və rəqəmsal cihazların istifadəsinə təsir göstərməklə onların tətbiqi üzrə ekspert biliklərini inkişaf etdirir. Aparılan tədqiqat göstərir ki, şagirdlərə və onların müəllimlərinə yalnız bir informasiya-kommunikasiya avadanlığının (İKT) verilməsi avtomatik olaraq rəqəmsal savadlılığın mürəkkəb vərdişlərinin inkişafına gətirib çıxarmır. Şagirdlər kompüterlərdən necə səmərəli istifadə etməyi öyrənməli və onların müəllimləri tədrisdə İKT-nin istifadəsində dəstək almalıdırlar.
Qeyd edək ki, kompüter və informasiya savadlılığının tədqiqi 5 ildə bir dəfə IEA- Tədris Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən həyata keçirilir. Beynəlxalq tədqiqatda Almaniya, Danimarka, İtaliya, Qazaxıstan, Koreya, Lüksemburq, Rusiya, Uruqvay, ABŞ, Finlandiya, Fransa və Çili iştirak edib.
Oruc MUSTAFAYEV |
|
15.11.2019 | 11:03 | |
|
|
|