Gəncə Dövlət Universitetində (GDU) Alman Akademik Mübadilə Xidmətinin əməkdaşları (DAAD) seminar keçiriblər.
Məlumat üçün bildirək ki, DAAD tələbə və elmi işçilərin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya tərəfindən maliyyələşdirilir. GDU da 7 ildən artıqdır, bu xidmətlə əməkdaşlıq edir.
Seminarda GDU və Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim və tələbələri iştirak ediblər.
DAAD-ın akademik müşaviri Ehtiram Müzəffərli təşkilat və onun fəaliyyəti haqqında məlumat verib, Azərbaycanın ali təhsil ocaqları ilə DAAD-ın əməkdaşlığından danışıb. O, sözügedən proqramın Almaniyanın ali təhsil ocaqlarında və elm mərkəzlərində xarici tələbələrə təqaüd ayırdığını, bununla intellektual gənclərə dəstək olduğunu vurgulayıb. Almaniyanın ali məktəblərində təhsil almaq üçün namizədlərin seçimi prosesi, ərizələrin verilməsi qaydaları, magistratura və yay məktəbləri barədə də ətraflı məlumat verib.
Sonra DAAD əməkdaşları Ştefani Dufauks, Michael Beck və ÖADE (Avstriya əməkdaşlıq təşkilatı) nümayəndəsi Ştefani Matzer müəllim və tələbələrə treninq keçiblər.