Gəncə Dövlət Universitetində (GDU) Konstitusiya gününə həsr olunan tədbirdə ali məktəbin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva ilk Konstitusiyanın qəbulundan başlayaraq tarixi xronika verib.
G. Fətəliyeva ulu öndər Heydər Əliyevin Konstitusiyanın yaradılmasında təşəbbüskar roluna toxunaraq bildirib ki, onun nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib:”O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub – yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan İlham Əliyevə əmanət edib”.
Tədbirdə çıxış edən universitetin professor-müəllim heyəti Konstitusiyanı dövlətin ən ali hüquqi qüvvəyə malik qanunu və canlı orqanizm kimi daim inkişafda olan vacib sənəd kimi xarakterizə ediblər. Bildirilib ki, sənədə müvafiq əlavə və dəyişikliklər edilməsi, müasir tələblərə uyğunlaşdırılması kifayət qədər səciyyəvi haldır. Yəni, hüquq sisteminin əsasını təşkil edən Konstitusiya cəmiyyətin müasir dövrlə uzlaşan inkişaf xüsusiyyətlərini, obyektiv sosial tələbata çevrilən yenilikləri, o cümlədən insan və vətəndaş hüquq, azadlıqlarının daha səmərəli müdafiə mexanizmlərini ehtiva etməlidir:” Ölkə Konstitusiyasının ən yüksək hüquqi qüvvəyə malik olan normaları bütün hüquqi tənzimetmə sisteminin əsasında durmaqla, ictimai münasibətlərin inkişafında sabitlik, müəyyənlik amili kimi çıxış edir, ölkədə təşəkkül tapmış dövlətçilik ənənələrinin, hüquq qaydasının, demokratik cəmiyyətin qurulmasına xidmət edir”.
Tədbirdə bu fikir səslənib ki, dövlətin inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilib, dövrün tələblərinə uyğun sistemli islahatlar aparılıb, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikasına nail olunub.