Azərbaycan Texnologiya Universitetində (UTECA) “Nəsimi ili”nə həsr edilən “Elmi nailiyyətlərin texnoloji inkişafda rolu” adlı elmi-praktik konfrans keçirilib. Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin və ölkənin bir sıra universitetlərinin nümayəndələri iştirak ediblər.
Ali məktəbin rektoru, professor Akif Süleymanov böyük şair İmadəddin Nəsiminin elmə verdiyi töhfələrdən danışıb. Şairə ulu öndər Heydər Əliyev tərəfindən verilən dəyəri, məhz onun təşəbbüsü ilə 600 illik yubileyin YUNESKO səviyyəsində qeyd edildiyini, hazırda isə Prezident İlham Əliyevin sərəncamı ilə Nəsiminin 650 illiyinin keçirildiyini diqqətə çatdırıb.
Sonra iştirakçılar Nəsimi ideyalarının müasirliyini, elmdə rolunu ifadə edən videoçarxı izləyiblər.
Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Vəfa Abbasova və Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov dahi mütəfəkkirdən söz açıb, konfransı yüksək qiymətləndiriblər.
Sonda Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin tədqiqatçılarının məruzələri dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.