Gəncə Dövlət Universitetinin (GDU ) rektoru, professor Yusif  Yusibov ali təhsil müəssisəsinin bir sıra ixtisaslarında təhsil alan 1-ci kurs tələbələri ilə görüşüb.

 

Rektor Y.Yusibov bildirib ki, bu gün GDU özünün ən yüksək inkişaf dövrünü yaşayır:” Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdən Azərbaycanda elmə və təhsilə böyük diqqət və qayğı göstərilib. Bu gün isə Prezident İlham Əliyev tərəfindən elm və təhsilin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar isə təhsildə keyfiyyət göstəricilərinə müsbət təsir göstərir”.

 

Y.Yusibovun sözlərinə görə, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, habelə gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir:”Azərbaycanın bugünkü inkişafı, çiçəklənməsi, qüdrətlənməsi, müasir məmləkətə çevrilməsi Heydər Əliyev siyasətinin həyata keçirilməsinin bilavasitə nəticəsidir. Həm Heydər Əliyev siyasətinin, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında insan amili dayanır. Ölkə başçısının son illər gənclər siyasətində əhəmiyyətli islahatları təhsil prosesində də özünü göstərir. Dövlətimiz tərəfindən tələbələrin təqaüdləri artırılır, dövlət sifarişi ilə təhsil almaq imkanları genişləndirilir”.

 

Rektor tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, onlara tələbə həmkarlar və gənclər təşkilatları ilə sıx, işgüzar əlaqələr qurmağı tövsiyə edib.