Naxçıvan Dövlət Universitetində (NDU) tələbələr üçün “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar keçirilib.
Seminarda bildirilib ki, bu gün gənclərin ictimai fəallığının artırılması, onların təhsil, beynəlxalq və sosial proqramlarda iştirakının stimullaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Diqqətə çatdırılıb ki, bu cür təlimlərin məqsədi gənclərdə özünəinam hissinin formalaşdırılması və onların zəngin dünyagörüşünə, dünyəvi biliklərə malik güclü şəxsiyyət kimi yetişdirilməsidir.
“Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva slaydlar vasitəsilə çıxış edərək bildirib ki, özünə inam hissi insanın özünə güvənməsi, özünü sevməsi, bütün gözəlliklərə layiq olduğuna inanması, öz mənliyinə olan hörmətin, özünə qarşı məmnuniyyətin ifadəsidir. Qeyd edilib ki, özünə inam hissi sonradan yaranan bir proses deyil və bu hiss insanla birgə doğulur, yaşadığı mühit və cəmiyyət isə bu hissi daha dərin formalaşdırır.
“Özgüvən nədir?”, “Özgüvəni neçə artırmalı?”, “Özünə inam hissini yenidən neçə qazana bilərik?” mövzularında tələbələrlə birgə aparılan müzakirələr tədbiri daha maraqlı edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.