Göyçək Əliyeva: “İlk gündən hər bir uşağa fərdi yanaşmağa üstünlük verirəm”
Göyçək Əliyeva 1956-cı ildə Cəbrayil rayonunun Soltanlı kəndində anadan olub. 1973-cü ildə Soltanlı kənd orta məktəbini bitirib. 1978-ci ildə M.Ə.Sabir adına Şamaxı Pedaqoji Texnikumunu bitirdikdən sonra Soltanlı kənd tam orta məktəbində 14 il ibtidai sinif müəllimi işləyib. İşləyə-işləyə də 1991-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ibtidai sinif müəllimliyi fakültəsini bitirib. Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən zəbt olunandan sonra Bakıya köçüb.
1993-cü ilin sentyabr ayından Abşeron rayonu Xırdalan şəhər 4 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir.
- Göyçək xanım, necə oldu ki, müəllimlik peşəsini seçdiniz, bu peşəyə marağı sizdə kim yaratdı?
- Müəllim işlədiyim illər ərzində ömrünü şagirdlərə həsr edən müəllim olmuşam. Bu, mənim üçün gözəl bir hissdir. Peşəmlə də həmişə fəxr etmişəm. Amma bu peşəni seçməkdə ilk yol göstərənim böyük bacım Üzafə xanım olub. O, vaxtilə orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib...
- Yaşadığınız Cəbrayıl rayonu erməni işğalçıları tərəfindən işğal olandan sonra 1993-cü ilin sentyabr ayından pedaqoji fəaliyyətinizi Abşeron rayonu Xırdalan şəhər 4 nömrəli tam orta məktəbində davam etdirməyə başlamısınız. Ayrı kollektiv, müəyyən çətinliklər... həmin günü necə xatırlayırsınız?
- Maraqlı sualdır. Doğrusu, mehriban bir kollektivə düşməyim məni darıxmağa qoymadı. Ən əsası məktəb direktorunun, müəllim yoldaşlarımın isti münasibətləri sayəsində yaxşı müəllim olmağımı sübut edə bildim.
- Müəllimlik peşəsinə olan sonsuz məhəbbətiniz öz yerində... İlk dərs günündə şagirdlərinizlə ünsiyyət qurmaqda çətinliyiniz oldumu?
- Xeyr. Əvvəl bacımdan, sonra bu şərəfli peşəni vicdanla, ləyaqətlə daşıyan müəllimlərimdən bu peşəni sevməyi öyrənmişəm. Ona görə də tezliklə şagirdlərimin sevimlisinə çevrildim. Bu, əlbəttə, çalışqanlığın, prinsipiallığın nəticəsində oldu.
- Müəllim cəmiyyət quruculuğunun mənəvi, əvəzolunmaz memarıdır desək, yanılmarıq. Sizcə, yaxşı müəllim nə deməkdir?
- Bəli, müəllim ömrünü bir kainata da bənzətmək olar. Ömrünü, beynini, ruhunu elmi-əxlaqi biliklərlə qidalandırdığı, əlinə qələm verdiyi şagirdləri isə bu kainatın kiçik zərrələridir.
Məşhur pedaqoq V.A.Suxomlinski “Yaxşı müəllim nə deməkdir?” sualına belə cavab vermişdir: “Yaxşı müəllim tədris etdiyi fənnin elmini yaxşı bilir, həvəslə onun inkişaf üfüqlərini - yeni kəşfləri, tədqiqatları, nailiyyətləri izləyir. Yaxşı müəllim orta məktəbin tədris proqramında nəzərdə tutulanlardan daha çox bilir. Dərin bilik, geniş dünyagörüşü şagirdlər qarşısında elmin, biliyin, fənnin, tədris prosesinin cəzbedici qüvvəsini aça bilmək üçün vacibdir. Şagirdlər müəllimin simasında ağıllı, bilikli, düşüncəli, sənətinə vurğun bir insan görməlidirlər... Yaxşı müəllim psixologiya və pedaqogika elmlərini bilən, tərbiyə haqqında elmləri bilmədən uşaqlarla işləməyin mümkünsüzlüyünü hiss edən insan olmalıdır”.
- Orta məktəbdə sizə dərs deyən müəllimlərinizi necə xatırlayırsınız?
- Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri var. Bu, həqiqətən belədir. Ona əlindən tutub əlifbanın ilk hərfini, “ana” kəlməsini yazmağı, saymağı öyrədən ilk müəllimini kim xatırlamır? Məktəb partası arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın keşməkeşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik. Mən də müəllimlərimdən, o cümlədən Səyyarə xanımdan, Arif müəllimdən çox dəstək almışam.
- Sizin də dərs dediyiniz şagirdlər arasında dərsdən yayınan, nadinc olanlar yəqin ki, var. Dərsdə belə şagirdləri ələ almaq üçün hansı metodlardan istifadə edirsiniz?
- İlk gündən hər bir uşağa fərdi yanaşmağa üstünlük verirəm. Bir də şagirdlər arasında heç bir fərq qoymuram.
Sinif üzrə maraqlı tədbirlər təşkil edirəm. Tədbirdə hər şagirdə qabiliyyətinə görə tapşırıq verirəm. Eyni zamanda, zəif oxuyan şagirdlərin valideynləri ilə daim əlaqə saxlayıram. Nəticədə, sinfin ən passiv uşağı, sonrakı günlər sinfin ən nümunəvi şagirdi olur.
- Fənn müəllimlərindən fərqli sinif müəllimlərinin zəhməti daha böyükdür. Dərs dediyiniz şagirdləriniz bu gün sizinlə əlaqə saxlayırlarmı?
- Əlbəttə, əlaqə saxlayırlar. Onlardan rəhbər vəzifələrdə çalışanlar da var, məni unutmurlar. Zəng edir və işlədiyim məktəbdə mənimlə görüşürlər.
- Təcrübəli bir müəllim kimi indiki gənc müəllimlərə hansı məsləhətləri verərdiniz?
- İlk öncə gənc müəllimlərimiz cəmiyyətdə tanınmış müəllim olmaq üçün öz üzərlərində ciddi çalışmalıdırlar.
Bir də hər bir müəllimin özünün pedaqoji taktikasının olması labüddür. Müəllimi konkret olaraq hansısa metoddan istifadəyə məcbur etmək, qarşısına tələblər qoymaq mümkün deyil. Belə olarsa, dərsdən hansısa səmərəni gözləmək yersizdir. Səmərə o zaman əldə olunur ki, müəllim dərs prosesinə yaradıcılıqla yanaşaraq, təlim prosesini şagirdlərinin qavrama, dərketmə səviyyəsində qursun, yaradıcı işləməyə şəraiti təmin etsin, müstəqillik vərdişləri aşılasın və təfəkkürün inkişafına yol açsın.
Aysel TAHİROVA,
Abşeron Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi