Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri ilə birgə Naxçıvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi elmi- nəzəri konfrans keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki,  ali məktəbdə mövcud olan vətənpərvərlik işi vətənsevərlik tərbiyəsinin əsas tərkib hissəsi olaraq Azərbaycan xalqının, dövlətinin hərb tarixi ilə bağlı olan milli dəyərlərə əsaslanır və həyata keçirilir. Əsas məsələnin gənclərin Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, Azərbaycan  Silahlı Qüvvələrinə sevgi və məhəbbət, düşmənə nifrət olduğunu bildirən rektorun sözlərinə görə, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə edilmək çox vacibdir.  

 

Naxçıvanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik-leytenant Daşqın Rəhimov qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb,  digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da islahatlar aparılıb:“Ordunun müasir texnika ilə gücləndirilməsi, şəxsi heyətin milli, mənəvi-psixoloji hazırlığı istiqamətində mühüm tədbirlər həyata keçirilib”.

 

Sonra fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru  Vəli Əliyev belə hamilik tədbirlərinin keçirilməsinin tələbələrin nəzəri biliklərinin təcrübədə möhkəmlənməsində artan rolundan danışıb və təkliflərini bildirib.

 

Sonda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydaları ilə bağlı bukletlər paylanılıb.