Beynəlxalq Qırmızı Xaç Komitəsinin hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova Naxçıvan Dövlət Universitetində komitənin fəaliyyəti, iş prinsipləri barədə mühazirə oxuyub.

 

İki gün davam edən mühazirədə tələbələrə bildirilib ki, komitə təxminən, 97 milyon könüllünü, üzvü və işçi heyətini əhatə edən beynəlxalq humanitar hərəkat olub, insan həyat və sağlamlığını qorumaq,problemlərində onların yanında olmaq məqsədi ilə yaradılıb.

 

Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən  hərəkat Beynəlxalq Qırmızı Xaç Komitəsi, 190 Qızıl Xaç və Qırmızı Aypara (QXQA) Cəmiyyətindən və QXQA Cəmiyyətlərinin Beynəlxalq Federasiyasından ibarətdir. Diqqətə çatdırılıb ki, 1863-cü ildə yaradılan komitə Cenevrə Konvensiyalarının və Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının əsasında durur, müharibə və silahlı zorakılıqların qurbanlarına humanitar yardım göstərən,onları müdafiə edən müstəqil, neytral təşkilatdır.

 

Komitənin əməkdaşı mühazirənin ikinci günündə Nüvə silahlarının beynəlxalq hüquqla tənzimlənməsi qaydalarından danışıb. Qarşılıqlı fikir mübadiləsi  şəklində təşkil edilən mühazirədə müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.