İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə 29-cu Avropa çempionatı başa çatıb. Gimnastika üzrə qitə birinciliyinin gənc yaş qrupunda Azərbaycan gimnastları gimnastika tariximizdə ilk dəfə olaraq qızıl medala sahib olublar. Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük temp hərəkətlərinin finalında 28.600 xalla bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüblər. Bu mötəbər yarışın sonunda  cütlük tam bir medal dəstini qazanıblar. Onlar balans hərəkətlərinə görə bürünc, çoxnövçülüyə görə isə gümüş medala sahib olublar.

   

Böyüklərin aktivində komandamızı təmsil edən  Abdulla Əl-Məsauxi və Ruhidi  Qorbanlıdan ibarət  qarışıq cütlük də  temp hərəkətlərinin final mərhələsində  28.680 xalla bürünc medala layiq görülüb.
   

Bu yaş qrupunda çıxış edən  daha bir cütlüyümüz  Seymur Cəfərov və Murad Əkbərov  isə balans hərəkətlərinin finalında 28.550 xalla dördüncü yerdə qərarlaşıb. Onlar çoxnövçülükdə beşinci, temp hərəkətlərinin finalında isə altıncı yerləri qazanıblar.  

       

Sifai SƏFƏROVA