9 noyabr Dövlət Bayrağı Günü münasibətilə "İradənlə qalib gəl!” şüarı altında "Açıq qapı günü" adlı kütləvi idman tədbiri keçirilib. Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, eləcə də Gəncə Olimpiya Kompleksinin birgə təşkilatçılığı ilə baş tutub. 1200-ə yaxın müxtəlif idman növlərinin təmsilçiləri öz məharətlərini nümayiş etdiriblər.
Gəncə Şəhər İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Prezident İlham Əliyev tərəfindən səylə davam etdirilməsindən bəhs edib. Deyib ki, Azərbaycanın hər yerində olduğu kimi Gəncə şəhərində də idmanın inkişafı, yeniyetmə və gənclərin idmanın müxtəlif növlərinə cəlb olunması gələcək nəsillərin sağlam həyat tərzinin təmin olunmasına hesablanır.
M.Cəfərovun sözlərinə görə idman sahəsində qazanılan uğurların bəhrəsi göz önündədir:”2019-cu ildə şəhərimiz "Avropanın İdman Şəhəri" tituluna layiq görülüb”.
Sonda tanınmış idman mütəxəssisləri tərəfindən ustad dərsləri keçirilib və Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə gənc istedadlı musiqiçilərin konserti olub.
Sifai SƏFƏROVA