Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.

 

Qonağa  öncə universitetin elmi kitabxanasında mövcud olan elektron köşk haqda məlumat verilib. Qeyd edilib  ki, irihəcmli skaner aparatı vasitəsilə  artıq 5 minə qədər kitab pdf formatda  elektron qaydada tərtib edilib, kitabxananın portalına yerləşdirilib.

 

İkitərəfli görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verib.

 

Aİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas universitetdə mövcud olan elmi və texniki potensialı yüksək dəyərləndirərək təhsil və elm sahəsində yeni layihələrin icra olunması istiqamətində görüləcək işlərdən danışıb.

 

Qonaq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, eləcə də Naxçıvanın 2018-ci ildə Azərbaycanın Gənclər paytaxtı və İslam Mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı təbriklərini çatdırıb. K. Yankauskas onu da vurğulayıb ki, bu ilin sentyabr ayında Avropa İttifaqına üzv olan 20 dövlətin səfirliyinin nümayəndələri Naxçıvanda bir araya gələcək. Bu məqsədlə keçiriləcək tədbirlərdə universitet tələbələrinin də iştirakının əhəmiyyətli olacağını diqqətə çatdırıb.

 

Sonda  fikir mübadiləsi aparılıb.