Noyabrın 4-də Təhsil naziri Ceyhun Bayramov Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Sabirabad və Saatlı rayon sakinlərini qəbul edib.
Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, məktəb binalarının təmiri, işə bərpa olunma, dərs saatlarının bölgüsü, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.