Onu incəsənət fakültəsinin I kurs tələbələri təqdim edib
Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi I kurs tələbələrinin hesabat konserti keçirilib.
Əvvəlcə “Təsviri incəsənət” müəllimliyi ixtisası üzrə I kurs tələbələrinin sərgisinə baxış olub. Azərbaycan Respublikasının Xalq rəssamı, dosent Hüseynqulu Əliyev sərgi haqda məlumat verərək I kurs tələbələrinin işlərini yüksək qiymələndirib. Qeyd edib ki, əl işləri rəngkarlıq, boyakarlıq və qrafika ilə işlənib. Universitetin sərgi salonununda tələbə rəssamların da əl işlərinin nümayiş olunması təqdirəlayiq hal kimi dəyərləndirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov keçirilən sərgilərin tələbələr üçün xüsusi əhəmiyyəti olduğunu vurğulayıb.
Sonra “Aktyorluq” ixtisası üzrə I kurs tələbələrinin ifasında etüdlər göstərilib. Hesabat konsertində tələbələrin ifasında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Cahangir Cahangirovun, Fikrət Əmirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və dünya klassiklərindən Şopenin “Vals” əsəri təqdim olunub, bir-birindən dəyərli kompozisiyalar nümayiş etdirilib.
İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova tələbələrin musiqi hazırlığı, səhnə mədəniyyəti və perfomansı, ifa tərzi ilə bağlı tövsiyələrini verib.