Yolumuz Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinədir. Daha dəqiqi, oranı bitirən məzunlardır diqqətimizi çəkən. Necə qəbul olunurlar bu məktəbə uşaqlar, necə təhsil alırlar, necə davam edirlər həyatlarına məktəbi bitirəndən sonra? Min eşitməkdənsə, gedib bir görmək yaxşıdır deyə düşündük. Və gördük... İndi gördüklərimizlə bahəm, sizə mərkəzin məzunlarından biri ilə söhbəti də təqdim edəcəyik. Anar Əzizovun on səkkiz yaşı var. Bakıdakı prestijli otellərdən birində köməkçi-konsiyej kimi çalışır.
Əslində orada işə düzəlməyimin səbəbi...
Bu, peşə liseyində təhsil almağıma görə oldu. Təhsil ala-ala, bizi həm də ixtisasımız üzrə təcrübələrə yollayırlar. Bu, bir növ bizim şirkətlərə işçi kimi təqdimatımız da sayıla bilər.
Peşəm otel xidmətləri üzrə mütəxəssis olduğu üçün Bakıdakı prestijli otellərdən birində təcrübəyə göndərildim, mən və dostlarım. Təcrübə müddətini yaxşı keçdiyimə görə iş təklif etdilər mənə, oxumağa paralel olaraq. Onları həm də iki dildə danışa bilməyim cəlb eləmişdi. İngilis və rus dillərini normal səviyyədə bilirdim. Peşəkar hazırlığa getməyə zamanım olmamışdı.
Düzü, həm də imkanım yox idi buna. Nə öyrənə bilmişdimsə, öz bacarığımla öyrənmişdim. Araşdırdım və anladım ki, dəvət etdikləri iş mənim hədəfimin birinci pilləsi də sayıla bilər.
Hədəfim otelçilik işi qurmaqdır...
Soruşsanız ki, hədəfin nədir? Təbii ki, hədəfim gələcəkdə yaxşı bir iş sahibi olmaq. Elə ixtisasımla bağlı, yaxşı bir otel işi qurmaqdır. Yəni, indilik o işin birinci mərhələsindəyəm. Baxıram ki, hətta burada belə yüksəlmək üçün imkanlarım var. Otel xidmətçisi, köməkçi kimi işə başlayıb, ta ki, administrativ işlərə qədər yüksələ bilirsən, özü də yüksək maaşla.
300 manatla işə başladım...
Beləcə, mən oteldə köməkçi kimi işə başladım. İlk maaşım üç yüz manat idi. İnanmazsınız, bunu alanda çox sevinmişdim. Düşünürdüm, həm ailəmə dəstək ola, həm də öz xərcliyimdən artırıb peşəkar dil hazırlıqlarına da gedə biləcəyəm.
Xarici sərmayəsi olan...
...otel və şirkətlərdə işləmək həm maraqlıdır, həm də çətin. Üslubları, işçiyə münasibətləri tam fərqlidir. Paralel olaraq işçiyə hər şərait yaradırlar ki, son dərəcə dəqiqliklə işini görsün. Həm də eyni cür tələbkardırlar. Səhvlər minimum olmalıdır. Onu da ən yaxşı yox, ideal halda bir dəfə bağışlayarlar. İkincidə cəzalandırılırsan, daha sonrası işdən çıxarılmaqdır.
Düzü ailəmin istəyini...
...yerinə yetirmək üçün can atırdım. Onlar da bütün valideynlər kimi ali təhsil almağımı, prestijli məktəblərdən birinə qəbul olmağımı arzulayırdılar. Mənimsə niyəsə həmişə standartdankənar düşünmək kimi bir fərqim olub. Niyəsə bilirdim ki, ali təhsil almaq mənlik olmayacaq. Daha yaxşı bir peşəyə və oradan da özümə aid bir iş görməyə meyilli olmuşam.
Hamı ali təhsil alıb...
...sonradan gedib sıradan bir işlə məşğul olur. Bizim cəmiyyət üçün bu xarakterikdir. Bunun şahidi olmuşam ən müxtəlif adamlarda. O üzdən evimizdə də dedim ki, dörd-beş ilimi ali məktəbə gedib-gəlməyə sərf eləmək istəmirəm. İmtahan verəcəyəm, əgər qəbul olmasam, konkret peşəyə yiyələnəcəyəm, daha imtahanlara hazırlaşmayacağam. Çünki məndən yaşda böyük olan, amma peşə təhsili almış dostlarımda uğurlu nəticələr görmüşdüm. Düzü, əvvəl bir az pis oldular evdə, sonra heç nə demədilər. Düşündüyüm kimi qəbul ola bilmədim ali məktəbə. Peşə təhsili üçün araşdırmalar aparanda qarşıma bizim lisey çıxdı. Baxdım diqqətimi çəkən otelçilik işi üzrə xeyli maraqlı ixtisaslar var. Özüm üçün qətiləşdirdim ki, məhz peşə təhsili alacağam. Düzü, həm də ailəmin maddi durumuna dəstək olmaq arzum olub uşaqlıqdan.
Çalışdığım oteldə 300 manatdan maaşla işə başladım...
Hazırda 600 manata qədər artırılıb maaşım. Bu, iş bacarıqlarıma və dil səviyyəmə görə yüksələ-yüksələ gedəcək. İndi həm ailəmə dəstək ola bilirəm, həm dilimi təkmilləşdirirəm. Eyni zamanda, gələcəyə dair planlarımı qururam. Hansı dövlətdə ixtisasım üzrə və imkanımı da nəzərə alaraq təhsil ala bilərəm deyə araşdırma aparıram. Düşünürəm, bu sahədə hədəfimə çatacağam.
Bu gün niyəsə valideynlər israrla uşaqları repetitor yanına yollayır. Çoxlu pullar xərclənir illərlə ki, uşaqlar ail təhsil almalıdır. Yoxsa bu kimdənsə geri qalmaq olar, kiminsə gülüşünə hədəf olarıq. Düşünürəm, bu yanaşmaları kənara qoymaq lazımdır. Məsələn, mən özüm belə düşündüm, mənə son dərəcə çətin olanda kimsə yaxın durub kömək eləmir, təbii ki, hər kəsin öz işi var. Bu prinsiplə də kimsənin mənim və ya mənim ailəmin işinə rişxənd eləməsinə yol vermək olmaz. İndi məsələlərə belə yanaşmaq lazımdır. Yəni bir qədər dünyəvi olmaq gərəkdir. Əgər bizim insanlar bunu edə, bacara bilsələr, mütləq uğur onlarla olacaq. Peşə təhsilim mənə həm pul qazandırdı, həm də özümü inkişaf etdirməyə kömək oldu. Hesab eləyirəm, zamanında və düzgün seçim eləmişəm.
SON: Anar Əzizovun dediklərindən belə təəssürat yaranmasın ki, birmənalı şəkildə indi də hamı durub ali təhsildən imtina etməli, mütləq peşə təhsili almalı, hansısa peşənin sahibi olmalıdır. Əsla belə deyil. Bu on səkkiz yaşlı gəncin dediklərindən də aydın hiss olundu ki, hamı bacardığı işi görməklə məşğul olmalıdır. Yəni mütləq deyil ki, illərini sərf edib oxumaq adına sadəcə diplom qazanasan. Sonra da diplomdakı peşənin dalınca getməyəsən, qarşına çıxan ilk işlə məşğul olasan. Və təəssüflə düşünəsən ki, illərin boşuna gedib. Eyni zamanda, validenylərin dərin düşünməsinə ehtiyac var. Yeniyetmələrə öz seçimlərini etmək üçün şərait yaratmaq lazımdır. O da vacib şərtdir ki, onlara doğru olan yolu tapmaqda ailəsi, valideynləri köməklik etməlidir. Çünki “kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan!”
Jalə MÜTƏLLİMOVA