AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən “Tərcümə” (“Ərəb-Azərbaycan”) və “Tərcümə” (“Fars-Azərbaycan”) ixtisaslarının I kurs tələbələri üçün əlyazma və çap kitablarının tədqiqinə dair praktiki məşğələ keçirilib.

 

Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına, əsasən baş tutan tədbirdə əsas məqsəd tələbələrin əldə etdiyi bilikləri elmi tədqiqatlarla əlaqələndirməkdir.

 

Fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov  tələbələrə rəhbərlik etdiyi müəssisənin elmi fəaliyyəti, mühafizə olunan qədim əlyazma və çap kitabları haqqında məlumat verib. Bildirib ki, sistemli tədqiqata cəlb edilən Naxçıvan tarixi və mədəniyyəti ilə bağlı bir sıra nadir sənət nümunələrinin, qədim çap kitab və məktubların üzərində geniş elmi-tədqiqat işləri aparılır.

 

Sonra Fərman Xəlilov “Qədim əlyazma və çap kitablarının kataloqlarının hazırlanması metodikası”, şöbə müdirləri- fəlsəfə üzrə fəlsəfə doktoru Səbuhi İbrahimov “Molla Məhəmməd Naxçıvaninin fəlsəfə əsərləri”, Fəxrəddin Eylazov “Təzkiyələr və onların elmi-ədəbi əhəmiyyəti” və fondun elmi işçisi Nicabət İslamova “Əlyazmaların üzərində aparılan tədqiqatlara dair” mövzusunda məruzə ilə çıxış ediblər.

 

Daha sonra tələbələr fondun arxivi ilə yaxından tanış olublar.