Naxçıvan Müəllimlər İnstitutunda “Ali məktəbdə müasir dərsin pedaqoji təminatı” mövzusunda gənc müəllimlərlə seminar keçirilib. İnstitutun rektoru Elbrus İsayev bildirib ki, ali məktəblərdə tədrisin keyfiyyəti müəllimin peşəkarlığından çox asılıdır:” Hər bir müəllim ixtisasına aid müasir ədəbiyyatları təhlil etməyi, İKT-dən istifadə etməyi, fənlərarası əlaqələri düzgün qurmağı bacarmalı, ixtisasına aid elmi və metodiki ədəbiyyatı daim izləməlidir. Elmi və metodiki axtarışlarını hər zaman davam etdirməli, konfranslarda iştirak etməlidir. Bunlarla yanaşı, tələbələrlə dərsdənkənar vaxtlarda işləməyi bacarmalıdır”.
Seminarda “Ali məktəbdə mühazirə və seminar dərslərinə verilən müasir tələblər”, “Ali məktəb müəlliminin elmi- tədqiqat işinin nizamlanması qaydaları”, “Ali məktəb müəlliminin “Xarici dil” hazırlıq səviyyəsinin əhəmiyyəti”, “Ali məktəb müəlliminin metodiki işinin təşkili” adlı mövzular müzakirə olunub. Müzakirələrdə prorektor Azad Novruzov, dosent Qurban Qurbanlı, profesor Akif İmanlı, professor Yaqub Məmmədov, dosent Həsənəli Eyvazlı və digərləri iştirak edərək, qoyulan məsələlərə dair öz fikirlərini gənc müəllimlərlə bölüşüblər.