Mədəniyyət Nazirliyinin dəstəyi və F.Köçərli adına Respublika uşaq kitabxanasının təşkilatçılığı ilə “Uşaq kitab karvanı – Bölgələrdə” layihəsi çərçivəsində Mingəçevir Yevlax, Bərdə və Tərtərdə səyyar kitab sərgiləri açılıb.
Layihə çərçivəsində uşaqların sevimli yazarları- Zahid Xəlil, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Solmaz Amanovanın uşaq və yeniyetmələrlə görüşləri, kitab təqdimatları və imza saatları keçirilib.
Keçirilən tədbirlərdə Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova layihə ilə bağlı ətraflı məlumat verib. Direktor çıxışında insanın kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin müstəsna rol oynadığını qeyd edib.
“Mütaliə cəmiyyətin gündəlik vərdişinə çevrilərsə, həmin cəmiyyət xoşbəxt olar. Məlumdur ki, mütaliənin əsasını kitablar təşkil edir. Kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir”, -deyə Ş.Qəmbərova vurğulayıb.
Bildirilib ki, bu gün ənənəvi kitablarla yanaşı, elektron kitablardan da istifadə etmək vacibdir. Bu baxımdan Respublika uşaq kitabxanasının Bərpanəşr layihəsi çərçivəsində ərsəyə gətirdiyi, jest dilinə tərcümə olunmuş MP4 formatda elektron kitablar xüsusi əhəmiyyət daşıyır.
Tədbir zamanı sağlamlıq imkanları məhdud uşaqlar üçün brayl əlifbası ilə çap olunmuş 11 adda kitab rayon kitabxanalarına hədiyyə edilib. Mingəçevir, Yevlax, Bərdə, Tərtər şəhər və rayon MKS-lərin hər birinə isə 400 kitab hədiyyə olunub.
Bölgələrdəki tədbirlərdə uşaqlar sevimli yazarların şeirlərini səsləndirib və ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış, klassik Azərbaycan ədəbiyyatının nümayəndəsi, böyük şair İmadəddin Nəsimi ilə bağlı bədii kompozisiya da nümayiş etdiriblər.