Qəbələdə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında məktəblilərlə görüş olub.  5 saylı tam orta məktəbdə keçirilən görüş Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə reallaşıb.

 

Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədov bildirib ki, gənclər gündəlik həyatlarında təhsili, səmərəli fəaliyyəti və sağlam həyat tərzini özlərinin başlıca  işi saymalıdır. Pis vərdişlərdən qaçmalı, öz həyatlarını doğru istiqamətdə qurmalıdırlar.

 

Polkovnikin sözlərinə görə, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın fəsadlarına qarşı mübarizə bu gün də aktual xarakter daşıyır və daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbir görürlər.

 

N.Məmmədov, həmçinin dini radikalizm və ekstremizm, onların törətdiyi sosial bəlalar, habelə bunlara qarşı mübarizə istiqamətində görülən tədbirlər barədə məlumat verib, ölkəmizdə dövlət-din münasibətləri, tolerant və multikultural mühitdən danışıb.

 

Tədbirdə erkən nikah məsələsindən də söhbət açılıb. Bildirilib ki, erkən nikahlar bir çox hallarda boşanma faktlarının artmasına, qızların təhsil imkanlarının məhdudlaşmasına gətirib çıxarır.

 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.