Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin nəzdində faəliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper ilə görüşüb.

 

Fransa və Azərbaycan əlaqələri, iki ölkənin tarixi əməkdaşlığı haqqında danışan rektor, professor M.Babanlı Fransa ilə təhsil sahəsində əlaqələrin inkişafından və UFAZ layihəsinin iki ölkənin təhsil və əməkdaşlığındakı rolundan bəhs edib. UFAZ-a qəbul, tədris prosesi və ixtisaslar haqqında qonaqlara geniş məlumat verən professor M.Babanlı Strasburq və Renn-1 universitetləri ilə əlaqələrin inkişaf etdiyini, texniki ali təhsil sahəsində Avropanın qabaqcıl ölkəsi kimi Fransa ilə təcrübələrin birləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyni vurğulayıb.

 

Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alan Uper ölkəsinin fundamental araşdırmalar üzrə dünya miqyasında tanındığını qeyd edərək təhsil və digər elmi tədqiqat işləri üzrə Azərbaycanla əlaqələrin davam etdirilməsinə çalışdıqlarını bildirib. O, neft ölkəsi kimi tanınan Azərbaycanın neftlə yanaşı təhsil və digər sahələrdə də potensialının inkişaf etdirilməsinin və bu sahədə Fransa ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.