Tədbirə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstək verib


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqronomluq fakültəsində  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təşkilatçılığı ilə “Qafqaz və Orta Asiyada çəyirtkələr əleyhinə milli və regional mübarizənin təkmilləşdirilməsi proqramı”na (GCP/SEC/004/TUR layihəsi) müvafiq olaraq təlim kursu öz işinə başlayıb.

 

Məlumatların Toplanması üçün Avtomatlaşdırılmış Sistem (MTAS) də daxil olmaqla, çəyirtkəkimilərin monitorinqi və məlumatların idarə edilməsi üzrə təlim FAO-nun beynəlxalq məsləhətçiləri-ABŞ-ın Vayoming Universitetinin professoru Aleksandr Laçıninskiy və coğrafi informasiya sistemləri üzrə ekspert Nadiya Muratova tərəfindən aparılıb.Təlim çəyirtkəkimilərin idarə olunması sahəsində ölkənin potensialını artırmağı və sürü halında hərəkət edərək respublika ərazisində kənd təsərrüfatı bitkilərinə və miqrasiya etdikdə qonşu ölkələr üçün təhlükə törətmək imkanına malik olan zərərvericiyə nəzarət sisteminin səmərəliliyini yüksəltməyi nəzərdə tutur.

 

Təlimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları,  eləcə də ADAU-nin professor, müəllim və tələbə heyəti, o cümlədən, Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun əməkdaşlarıi ştirak edib.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açılış nitqində tədbirin Kənd Təsərrüfatının bitki mühafizəsi sahəsində əhəmiyyətindən danışıb və problemlərin həlli yollarının müzakirəsinin vacibliyini deyib.  Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov çıxışında cəyirtkəkimilərlə mübarizədə dövlət xidmətinin gördüyü işlər, pestisidlərin tətbiqi zamanı istifadə olunan müasir tipli ultrakiçik həcmli çiləyici aqreqatlar haqqında, eyni zamanda bitki mühafizəsi sahəsində  görüləcək işlər barədə məlumat verib. Sonra ekspertlər mövzu ilə bağlı təqdimatlar ediblər.

 

Qeyd edək ki, cari il may ayının 5-7-də FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin təşkilatçılığı ilə Bakı şəhərində Qafqaz və Mərkəzi Asiya üzrə çəyirtkəkimilərin idarə edilməsinin təfsilatlı təqdimatı (QMAÇİE) üzrə təlim təşkil olunacaq.