Svetlana Mahmudova: “Layihəmizdən evdə fərdi təhsilə cəlb olunan şagirdlər və onlara dərs deyən müəllimlər faydalanacaq”


Son illər ölkəmizin təhsil sahəsində bir sıra keyfiyyət dəyişiklikləri aparılır.  Bunlardan biri də təhsil işçilərinin çox böyük marağına səbəb olan Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsidir.  Müsabiqənin Bakı şəhəri və regionları əhatə etməsi müsbət hal olmaqla yanaşı,  müəllimlər üçün nazirlik tərəfindən verilən ən böyük şanslardan biridir. Müsahibimiz Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalibi Qax şəhər 5 nömrəli tam orta məktəbin praktik-psixoloqu Svetlana Mahmudovadır. 

 

- Svetlana xanım, bu gün məktəblərimizdə praktik-psixoloqların fəaliyyəti haqqında oxucularımıza  məlumat  verərdiniz.

- Bu gün məktəblərdə fəaliyyət göstərən praktik-psixoloqların vəzifə və öhdəlikləri kifayət qədərdir. Məktəb işi bilirsiniz ki, çoxsahəlidir və burada  elə bir sahə yoxdur ki, psixoloqa aid olmasın. Məktəbin qapısından içəri ayaq qoyanda bilinir ki, orada fəaliyyət göstərən psixoloqun işi hansı səviyyədədir. Təhsilin keyfiyyəti ilk olaraq məktəbdə sağlam psixoloji mühitin yaradılmasından asılıdır.  Bu baxımdan məktəb psixoloqu öz üzərində dayanmadan işləməli, özünü inkişaf etdirməlidir.

 

- Əslində psixoloq necə olmalıdır, onda hansı keyfiyyətlər cəmləşməlidir?

- Psixoloq ilk növbədə psixoloji cəhətdən sağlam olmalıdır. Psixoloq üçün lazım olan keyfiyyətlər bunlardır: mehribanlıq, ünsiyyətlilik, gülərüzlülük, nəzakətlilik, xoşrəftar, başqalarının qayğısına qalmaq, xəstələrin qayğısına qalmaq, o cümlədən başqalarının mövqeyini başa düşmək bacarığı...  Psixoloq məktəbdə hər bir  uşağın dostudur, müdafiəçisidir. Hər bir şagird istədiyi problemləri ( həm şəxsi, həm ailədaxili, həm məktəbdaxili) barədə psixoloqa müraciət edib, ondan kömək ala bilər. Şüarımız belədir: “Sirri yayma, ziyan vurma, təzyiq göstərmə”!

 

- Siz məktəbdə  öz işinizi bir psixoloq kimi necə qurursunuz?

- İşə başladığım ilk gündən məktəbin rəhbərliyi, pedaqoji kollektivi, valideyn və şagirdləri ilə birlikdə işləyirəm.  Şagirdlər, müəllimlər və valideynlər arasında psixoloji bilikləri yayır, onlarda psixoloji müdafiə bacarığını formalaşdırmaq, neqativ təsirlərə qarşı psixoloji müqaviməti artırmaq üçün fərdi söhbətlər aparır və müxtəlif tədbirlər keçirirəm.

 

- Məktəbdə sağlam psixoloji iqlim yaratmaq üçün hansı işləri görürsünüz?

- Təhsil ocağında sağlam mühitin təmin olunması dedikdə şagirdlərin fiziki, mənəvi, psixoloji cəhətdən sağlamlığı nəzərdə tutulur. Məktəblilərin sağlamlığının təmin edilməsi üçün sağlam mühitin mövcud olması  əsas amildir. Bunun üçün müxtəlif testlərdən, anket sorğularından istifadə edirəm. Məsələn, “Məktəb şagirdin gözü ilə”, “Müəllim-şagird”, “Müəllim-valideyn, “Şagird-şagird” münasibətlərini öyrənmək üçün müxtəlif sorğular keçirirəm və bunun nəticəsi olaraq da məktəbdə risk qrupuna daxil olan şagirdləri müəyyənləşdirirəm. Onların hər biri üçün pedaqoji-psixoloji bərpa planı hazırlayıram. Və situasiyadan asılı olaraq müəllim və valideynlərin iştirakı ilə həyata keçirirəm. Valideynlərin məktəb həyatında, övladlarının təlim-tərbiyəsində yaxından iştirakını, məktəblə əlaqəsini təmin etmək üçün tədbirlər planına uyğun olaraq “dəyirmi masa”lar təşkil edirəm. 

 

- Necə oldu ki, siz qrant müsabiqəsinə qatılmaq qərarına gəldiniz? 

- 2017-ci ildən rayon təhsil şöbəsində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın üzvüyəm. Komissiyanın məqsədi sağlamlıq imkanları məhdud uşaqları üzə çıxarmaq, onların evdə fərdi təhsil almasını və yaxud bərpa mərkəzlərinə göndərmək, onlarla işi təşkil etmək və xəstə uşaqları olan ailələrə dəstək olmaqdır.

 

Uşaq iflici, epilepsiya, beyin travmaları, enurez, qəzalar, əqli zəiflik, irsi faktorlar səbəbindən qüsurlu uşağa sahib olan ailələr, normal tempdə həyatı davam etdirə bilmirlər. Bu ailələrə maddi dəstəklə yanaşı, mənəvi dəstək də mütləq şəkildə olmalıdır.

 

Biz, pedaqoji-psixoloji komissiyanın üzvləri belə qərara gəldik ki, bu uşaqlara daha da yaxınlaşmaq, valideynlərə kömək üçün belə bir layihə işləyək.

 

- Layihə qalibi olanda hansı hissləri keçirdiniz?

- Ümumiyyətlə,  istənilən sahədə qalib olmaq möhtəşəm bir hissdir və bunu sözlərlə ifadə etmək çox çətindir. Mən çox sevinirəm ki, fərdi kateqoriya üzrə təqdim etdiyim  “Fərqimiz üstünlüyümüzdür” layihəsi ekspertlər tərəfindən qiymətləndirilib, müsabiqənin şərtlərinə uyğun olub. Və bu layihənin həyata keçirilməsi  nəticəsində rayonumuzda evdə fərdi təhsilə cəlb olunan şagirdlər və onlara dərs deyən müəllimlər faydalanacaq.

 

- Layihənin məqsədi nədir və icra müddəti nə qədərdir?

- Layihənin məqsədi evdə fərdi təhsilə cəlb edilmiş şagirdlərə psixoloji xidmət təşkil etməklə onların bacarıq  və qabiliyyətlərini, yaradıcılıq potensiallarını müəyyən etmək, sosiallaşmasına dəstək olmaq və təlim uğurlarını artırmaq, eyni zamanda bu sahədə ictimai şüurun formalaşmasına xidmət etməkdir. Layihə 3 ay ərzində icra olunacaq. Sentyabrın 2-dən dekabrın 2-nə qədər olan müddəti əhatə edəcək.

 

- Sizcə, bu layihə valideynlər üçün də faydalı olacaq?

-  Təsəvvür edin, ailədə övlad dünyaya gəlir. Ata-ana hədsiz sevinc içərisindədir. Dünyaya gələn hər körpə, həm də özü ilə ailəyə hesabsız arzular gətirir, ailəni daha da möhkəmləndirir, valideynlərin məsuliyyət yükünü artırır. Aylar keçir, körpə yavaş-yavaş böyüyür. Hər şey normal gedir, uşaq qığıldayır, ata-ananın üzünə gülür, valideynlərinin dindirməsinə reaksiyalar verməklə, onlara sanki dünyanı bəxş edir.  Günlərin bir günü ana hiss edir ki, deyəsən, körpəsi inkişafdan qalıb. Əllərinin əvvəlki nizamlı hərəkəti də hiss olunmur. Deyilən sözə əvvəlki kimi reaksiya vermir, daha nələr, nələr... Ananın həyəcanı ataya da keçir və körpə həkimlərin, psixoloqların pasiyentinə çevrilir, xəstəlik ailəyə sarsıntı, əsəb, gərginlik gətirir. Dünyaya normal uşaq kimi gələn bu insanlar sonralar sağlamlıq imkanları məhdud olan uşaqlara çevrilirlər. 

 

Buna görə də biz çalışacağıq ki, müəllim və şagirdlərlə yanaşı, valideynləri də layihəmizin iştirakçısına çevirək. Axı, qüsurlu uşaqların valideynləri sağlam uşaqların valideynləri kimi uşağın ailəyə gətirdiyi sevinci, xoşbəxtliyi eyni tərzdə və eyni tempdə yaşaya bilmirlər. Ona görə də biz bu layihə ilə həm fiziki, həm əqli qüsurlu övladları olan ailələrə mənəvi yardım göstərəcək, onları məlumatlandıracaq, problemlərin həllində az da olsa yardımçı olacağıq. Ümid edirəm ki, uşaqlarda yaranan problemləri az da olsa aradan götürmək üçün onlara psixoloji dəstək olaq, onlarda özgüvən yaradaq.

 

- Son sözünüz?

- Həyatda hər bir uşağın öz dünyası var. Bu dünyaya daxil olmaq, onun acılarına kədərlənib, sevincinə sevinmək üçün əlimdən gələni edirəm.  XXI əsr psixologiya əsridir.  İnanıram ki, yaxın gələcəkdə psixoloji xidmət sahəsində daha uğurlu nəticələr əldə olunacaq və insanlar ondan yararlana biləcək. 

 

Günay MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi