“Elfim” Professional Şahmat Mərkəzinin Nərimanov filialında şahmat üzrə beynəlxalq reytinq turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 29 idmançı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən, birinci yeri 6,5 xalla Aydın Allahverdiyev tutub. İkinci və üçüncü yerlərə Səid Səmədzadə (5,5 xal) və Müctəba Qurbanov (5 xal) layiq görülüblər.
Yarışın rəsmi bağlanış mərasimində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və yarışın baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə şahmatçıların idman ustalıqlarının artırılmasında, həmçinin zəka sahiblərinin erkən yaşlardan beynəlxalq reytinqə yiyələnməsində bu yarışın xüsusi rolunu vurğulayıb, qaliblərə və iştirakçılara gələcəkdə uğurlar arzulayıblar.
Sonda yer tutan idmançılar müvafiq dərəcəli diplom, medal və pul mükafatı ilə təltif olunublar.