Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi qaliblərinin uğur hekayələri
Bu gün təhsilə münasibət, ondan gözləntilər də sözün yaxşı mənasında dəyişib. Eləcə də təhsil müəssisələrinə, müəllimlərə verilən tələblər də özünün aktuallığı, müasir dövrün çağırışlarına uyğun olması ilə fərqlənir. Təhsil müəssisələrimizdə əlverişli təlim mühiti formalaşıb, təlim göstəricilərinin yaxşılaşdırılmasına ciddi diqqət artırılıb, şagirdlərə keyfiyyətli təhsil imkanları yaradılmaqla yanaşı, təhsilverənlərin də bilik və bacarıqlarının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Artıq təhsil ocaqlarımız öz fəaliyyətlərində daha innovativ, müəllimlər isə daha yaradıcı olmaqları, kreativ fikirləri ilə seçilirlər. Təbii ki, bütün bu imkanları isə onlara Təhsil Nazirliyi yaradır. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi nazirliyin həyata keçirdiyi uğurlu layihələrindəndir. Artıq 3-cü ildir ki, keçirilən müsabiqənin əsas məqsədi də məhz təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır. Builki nəticələrə görə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Müsbət qərar verilən 168 qalib layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə, müsabiqədə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib. Müsabiqədə bölgələrdən olan təhsil müəssisələri, eləcə də müəllimlər heç də paytaxtdakı həmkarlarından fərqlənməyərək fəallıqları ilə seçiliblər. Belə ki, Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkir qalib layihələri olan ən fəal rayon və şəhərlərdən sayılırlar.
Müsabiqənin builki qalibləri onlara uğur gətirən layihələrindən söz açıblar.
Məktəb-teatr, teatr-məktəb əlaqələri möhkəmləndirilməlidir
Yaşar Əliyev Qazax rayonu İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbinin direktorudur. Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində rəhbərlik etdiyi məktəbin ilk dəfə iştirak etdiyini və layihələrinin qalib olduğunu söyləyir. Təqdim etdikləri layihənin fərqlənənlər sırasında olacağını heç gözləmirmiş.
Müsabiqənin qalibi olan layihələri “Məktəb və teatr adlanır. Niyə məhz bu mövzuya müraciət etmələrini belə açıqlayır:
- Bilirsiniz ki, uşaqların mənəvi inkişafında, onların dünyagörüşünün, estetik zövqünün formalaşmasında, daxili aləmlərinin zənginləşməsində teatrların rolu danılmazdır. Ölkəmizdə uşaqlara xidmət edən bir neçə teatr fəaliyyət göstərir. Bu teatrlar əsasən paytaxt Bakıda yerləşir. Teatr həm də güclü təbliğat vasitəsidir. Onun böyüməkdə olan gənc nəslin tərbiyəsinə təsiri inkarolunmazdır. Cəmiyyətdə elə ailələr var ki, teatr onlar üçün böyük maraq kəsb edir. Müəyyən obyektiv və subyektiv səbəblərdən teatra gedə bilmirlər. Bəzi ailələr üçün isə teatr rəngarəng işıqlı əyləncə, bəziləri üçün isə qaranlıq bir dünyadır. Yəni, teatr haqqında məlumatsızdırlar. Düşündük ki, məktəb-teatr, teatr-məktəb əlaqələri möhkəmləndirilməlidir. Məktəblər teatrlara tədrisin tərkib hissəsi olaraq yeni dərs-tamaşalar sifariş etmək hüququna malik olmalıdırlar.
Xarici dövlətlərdə olduğu kimi, məktəbin tərkibində teatr məşğələləri olmalı və şagirdlərdən ibarət aktyor truppası təşkil edilməlidir. Burada aktual mövzularla bağlı səhnəciklər hazırlanmalı, məktəblilərin maariflənməsinə, ədəbi ehtiyaclarının ödənilməsinə, onların yerli və əcnəbi klassik yazarların əsərləri ilə əyani şəkildə tanışlığına imkanlar yaradılmalıdır. Həmçinin, şagirdlərdən ibarət teatr bayram və əlamətdar günlərdə məktəb kollektivinin asudə vaxtının səmərəli təşkil edilməsində yaxından iştirak etməlidir. Məhz təqdim etdiyimiz layihənin əsas məqsədi də məktəbdə teatr məşğələləri təşkil etmək, aktyorluq istedadı olan uşaqları üzə çıxartmaq, teatr truppası yaradaraq müxtəlif əsərləri səhnələşdirməkdir. Həmçinin, vaxtaşırı şagirdlərin asudə vaxtını daha səmərəli və mənalı olması məqsədi ilə teatr tamaşaları təşkil etməkdir.
Avqustun 20-dən start götürən layihəmizin ilkin olaraq məktəbimizdə təqdimatını keçirmiş, iştirakçılara və qonaqlara bununla bağlı geniş məlumat vermişik. Artıq səhnələşdiriləcək tamaşalarda oynamaq istəyən istedadlı şagirdlərin seçimi gedir. Onu da qeyd edim ki, layihə uşaqların hədsiz marağına səbəb olduğundan aktyor seçimi zamanı bizə nəzərdə tutulandan artıq uşaq müraciət edib. Hətta əlavə könüllü olaraq bu layihədə iştirak etmək istəyən şagirdlərimiz də var. Bu da onu göstərir ki, biz məqsədimizə çatmağa çox yaxınıq. Düşünürəm ki, dekabrda yekunlaşacaq bu layihə şagirdlərimizi digər tərəfdən də daha yaxından tanımağımıza imkan yaratmaqla yanaşı, onların aktyorluq istedad və qabiliyyətlərinin aşkarlanmasında əhəmiyyətli rol oynayacaq.
Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri yenilənir, daha da təkmilləşir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir.
Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı görülən işlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.
Bilirsiniz, innovativ fəaliyyət əslində təhsil fəaliyyətinin inkişaf formasıdır. Bölgə məktəbi olaraq belə bir müsabiqədə iştirak etmək və təqdim etdiyimiz layihə ilə seçilmək çox sevindiricidir.
“Atamla birgə öyrənirəm” adlı layihəm mənə uğur gətirdi
“İlk dəfə idi ki, belə bir müsabiqədə iştirak edirdim”. Bu sözləri Bərdə rayonu 8 nömrəli tam orta məktəbin müəllimi Könül Quliyeva söyləyir:
- Mənə uğur gətirən layihəm “Atamla birgə öyrənirəm” adlanır. İbtidai sinif müəllimi olduğum üçün şagirdlərlə yanaşı, həm də valideynlərlə tez-tez ünsiyyətdəyəm.
Yaxşı bilirsiniz ki, övladlarının təhsilində bizim analar əsas və önəmli rol oynayır. Azərbaycan təhsilində ataların rolunu artırmaq isə, düşünürəm ki, vacib və önəmlidir. Dərslərimi müasir dövrün tələblərinə uyğun quran bir müəllim kimi müxtəlif xarici ölkələrin təhsil sistemi ilə də maraqlanır, tətbiq olunan yenilikləri hər zaman izləməyə çalışıram. Xarici ölkələrdə təhsillə bağlı məsələləri öyrənərkən fərqinə vardım ki, orada ata və ana eyni dərəcədə övladlarının təhsil həyatında mühüm rol oynayırlar. Bir sözlə, valideynlərin hər ikisi övladlarının təhsilində cavabdehlik daşıyır. Özlüyümdə həmişə düşünürdüm ki, bizdə də niyə belə olmasın? Və bu sualı özümə tez-tez verirdim. Ona görə də həmin sualın cavabı ola biləcək bir layihə hazırladım.
Layihənin əsas məqsəd və vəzifələri təhsildə ataların rolunu artırmaq, ata-övlad münasibətlərinin düzgün formalaşmasına, müasir metodikalar vasitəsi ilə ataların da yeni biliklər əldə etmələrinə dəstək olmaq, fərqli mühitdə maraqlı öyrənmə yollarını aşılamaq, məktəblərarası əlaqənin gücləndirilməsidir.
Bu ilin avqustun 15-dən artıq layihənin tətbiqinə başlanılıb və noyabrın 15-də yekunlaşacaqdır. İlkin olaraq layihənin geniş təqdimatı keçirilib, Bərdə rayonunda məktəblərin 4-cü sinif şagirdləri bununla bağlı məlumatlandırılıb. Apardığımız uğurlu təbliğat nəticəsində atalar öz övladları ilə birlikdə layihədə iştirak etmək üçün müraciət ediblər. Onlar arasında seçilən iştirakçılarla bir daha görüş təşkil olunub və müəyyən məsələlərlə bağlı məlumatlar verilib. Qeyd edim ki, layihə müddətində 5 fənn üzrə (rəsm, həyat bilgisi, riyaziyyat, ingilis dili, ana dili) təlim sessiyalarının keçirilməsi müəyyənləşdirilib. Həmin təlimlər üçün müəyyən olunan fənlər üzrə uyğun mövzular ibtidai sinif müəllimləri ilə birlikdə müzakirə edilərək seçilib.
Layihə çərçivəsində ilk təlim sessiyası cari ilin oktyabrın 6-da Bərdə rayonunda keçirilib. Layihə çərçivəsində müəyyən olunmuş 5 fəndən ilk olaraq riyaziyyatdan valideynlər və övladlar bir yerdə çalışaraq müxtəlif tapşırıqlar yerinə yetiriblər. Bu prosesdə onlar keçilən mövzunu əylənərək öyrəniblər. İlk mövzu “Vurma” olub. Burada valideynlər övladlarla birlikdə onlara eyni sayda verilmiş misalları müəyyən vaxt çərçivəsində həll etməyə çalışıblar. Sonra növbəti “İkirəqəmli ədədin bir rəqəmli ədədə bölünməsi” mövzusu öyrənilib. Onu da əlavə edim ki, burada atalar və övladlar fərqli komandalar yaratmır və hər bir ata öz övladı ilə yarışır. Belə ki, 2 fərqli flipçartlara yazılmış eyni misalları həll etməyə çalışan qruplar bir-birləri ilə yarışırlar. Sonda övladlar qrupu qalib olub.
Layihə çərçivəsində növbəti təlim sessiyası həyat bilgisi fənni üzrə baş tutub. Bu zaman da valideynlər övladları ilə bir yerdə çalışaraq müxtəlif tapşırıqlar yerinə yetirib, yeni bilgiləri əylənərək öyrəniblər. Atalar və onların övladları arasında öyrəndikləri məlumatların mənimsənilməsi və ölçülməsi məqsədilə sorğu-sual yarışı da keçirilib.
Digər fənlər üzrə də belə təlim sessiyaları keçirilib və ataların uşaqları ilə birlikdə təhsil prosesində iştirak etməsi olduqca effektiv nəticə verib.
Düşünürəm ki, layihəmizin nəticəsi olaraq artıq atalar övladlarının gələcək təhsil həyatlarında bundan sonra da fəal olacaq, uşaqlara dərslərində hər zaman köməklik göstərə biləcək və bu prosesin əslində çox da çətin olmadığını anlayacaqlar. Eyni zamanda, bu müddət ərzində birgə olan anlar, ataların övladları ilə daha çox vaxt keçirmələri, həm uşaqlarının təhsilə olan marağının artmasına, həm də ata-övlad münasibətinin düzgün şəkildə formalaşmasına şərait yaradacaqdır.
Hazırkı an üçün qarşıma qoyduğum məqsədimdən daha artığına nail ola bilmişəm,- deyə bilərəm. Çünki artıq nəinki Bərdədən, hətta digər rayonlardan da layihə ilə maraqlananlar və bunun davam edib-etməyəcəyini soruşanlar var. Təbii ki, bu, məni sevindirir və daha həvəslə, eyni zamanda daha çox çalışmağıma stimul verir.
Layihənin yekununda bütün iştirakçılara sertifikatlar və müxtəlif hədiyyələrin təqdim olunması nəzərdə tutulur.
Təhsil müəssisələrimiz, eyni zamanda biz müəllimlər üçün təqdim olunan belə müsabiqələr, müxtəlif layihələrdə iştirakımız ilk öncə, təhsil işçilərinə, məktəblərə daha çox təcrübə, yeni biliklər, əməkdaşlıqlar verir. Bununla yanaşı həm də, məktəblər və müəllimlər arasında olan rəqabəti də artırır. Və bu tip müsbət rəqabətlər müəllimlərə, şagirdlərə, valideynlərə və digər təhsillə bağlı insanlara böyük uğurlar qazandırır.
“Müsabiqə kreativ fikirlərimizi reallaşdırmağa geniş imkan yaradır”
Müsabiqənin digər qalib layihəsi fərdi kateqoriya üzrə Masallı rayonu Çayqıraq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi Rabil Abdinov tərəfindən hazırlanıb.
Onu da qeyd edək ki, bu il keçirilən müsabiqənin öncəkilərdən əsas fərqi istər müraciətlərin qəbulu, istərsə də layihələrin qiymətləndirilməsinin elektron şəkildə həyata keçirilməsidir ki, bu da prosesdə şəffaflığın və obyektivliyin qorunmasında vacib faktorlardan biri hesab edilir. Belə ki, bütün iştirakçılar grant.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək ərizələrini elektron qaydada yerləşdiriblər. Ekspert komissiyası da layihələrin qiymətləndirmə prosesini tam elektron şəkildə həyata keçirib. Məhz Rabil müəlim də”Virtual məktəb” adlı layihəsini müsabiqənin şərtlərinə uyğun olaraq təqdim edib və sonda qalib olub. Onunla söhbətimiz bu mövzuda layihə işləməsinin hansı zəruriyyətdən yarandığı və bununla bağlı nə kimi işlərin görüldüyü barədə oldu.
Rabil müəllim bildirir ki, məktəb rəhbərləri, müəllimlər və valideynlər məktəblə bağlı məlumatları əldə etməkdə bir sıra çətinliklərlə üzləşdiyinin dəfələrlə şahidi olub.
- Bəzən də elə hallar yaranır ki, məktəbin fəaliyyəti ilə bağlı normativ sənədlərin mənbəsini tapmaq çətin olur. Sənədlərə edilmiş dəyişiklikləri dəqiqləşdirmək olmur. Məktəblə bağlı sənədlərin bir çoxunun elektron versiyaları yoxdur. Bütün bunları axtarıb tapmaq üçün vaxt və bir qədər də hüquqi bilgi tələb olunur.
Mənim tərəfimdən hazırlanan layihə “Virtual məktəb” adlanır. Layihənin əsas fəlsəfəsi budur ki hər hansı xəyali bir nümunəvi ümumtəhsil məktəbi mövcuddur və onun ümumdünya hörümçək torunda www.virtual-maktab.az domenli veb saytı mövcuddur. Bu portal vasitəsi ilə məktəbin heyəti və valideynlər vəzifə funksiyalarının icrası ilə bağlı bütün işlərin nümunəvi forması ilə tanış ola bilirlər.
Hazırda saytın hazırlanmasının texniki hissəsi demək olar ki, bitib və son tamamlanma işləri gedir. Sayta bir neçə metodik məqalə də artıq yerləşdirilib. 6 ay ərzində sayt nəzərdə tutulan məktəbşünaslığa aid məlumatları özündə ehtiva etməlidir. Təqdim etdiyim layihənin əsas hədəfi məktəblərə təyin edilən direktor, müavin, pedaqoji, tədris pedaqoji və hətta texniki heyətin fəaliyyəti ilə bağlı normativ və metodik bazanı “bir pəncərə”dən hər bir kəsin ixtiyarına verməkdir. Düşünürəm ki, bu, təhsil işçilərimizə vaxta qənaət etməklə tez bir zamanda istədikləri sənədlərlə tanış olmaq imkanı yaradacaqdır.
Müsabiqədə qalib gələcəyimə əmin idim. Lakin layihənin əhatəliyinin genişliyi və veb texnologiyalardan kənd yerində istifadənin çətinliyinə görə öhdəsindən gələcəyimə tam əmin deyildim. Artıq çətinliklər dəf olunub və bu məsələlərin həlli üzərində ciddi işlər aparılır.
Son illər Təhsil Nazirliyinin apardığı islahatlar, tətbiq olunan yeniliklər biz müəllimlərin ürəyincədir. Xüsusilə Təhsil Nazirliyi tərəfindən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsi bizə kreativ fikirlərimizi realllaşdırmağa geniş imkanlar yaradır. Bu müsabiqə həm müəllimlərə ideya və innovativ işlərini həyata keçirməyə maddi stimul verir, eyni zamanda da onları yaradıcılığa sövq edir. “Pul olsaydı və imkan yaradılsaydı bu işi edə bilərdim” fikri artıq keçmişdə qaldı. Dövlət müəllimin ideyasını maddi dəstəkləməklə yanaşı, onları məktəblərdə həyata keçirməsinə də gözəl bir şərait yaradır.
“Məlumatların elektronlaşdırılması uşaqların daha rahat öyrənməsinə imkan verəcək”
38 illik pedaqoji staji olan Təranə Yusifova da müsabiqənin builki qaliblərindəndir. Bakıdakı 285 nömrəli tam orta məktəbin müəllimidir. Müsabiqəyə “Audio-Ensiklopediya” adlı layihəsi ilə qatılıb və qalib olub. Müsabiqədə iştirak etmək həvəsi onda işlədiyi məktəbin direktoru Safurə Rəhimovanın bu müsabiqənin birinci ilində yer tutmasından sonra yaranıb.
- Direktorumuzun layihəsi “Oxumadan öyrənək” adlanırdı. Layihə çərçivəsində 5-ci sinif “Ədəbiyyat” və “Azərbaycan tarixi” dərsliklərinin elektron variantını işləyib hazırlamışdı. Disk şəklində olan bu dərsliklərin məktəbimizdə təqdimatı keçirildi və mən həmin disklərlə tanış oldum. Daha sonra bu disklər məktəbdə tətbiq olunmağa başladı, müəllimlərə paylanıldı. Gözdən problemi olan uşaqlara hədiyyə edildi. Bütün bunlar müəllim olaraq məni həvəsləndirdi ki, belə bir layihə edim. Bu ideyadan yararlanaraq özüm “Audio-Ensiklopediya” adlı layihə üzərində işləməyə başladım və onu builki müsabiqəyə təqdim etdim.
Bilirsiniz, audio vəsait artıq bütün dünyada yayılıb, istədim ki, bizdə də geniş tətbiq olunsun. Düşündüm ki, 1-ci və 4-cü sinif şagirdləri üçün onların dünyagörüşünün artırılması istiqamətində maraqlı bir dərs resursu hazırlayım. Fikirləşdim ki, ensiklopediyalar çox var. Müəllim kimi görürdüm ki, şagirdlərin çoxusu kitabları alır və bir dəfə oxuyandan sonra qoyur bir tərəfə və öyrəndikləri məlumatların əksəriyyəti yaddan çıxır. Amma bu məlumatların elektronlaşdırılması, disk şəklində olması uşaqların harada olmaqlarından asılı olmayaraq rahat istifadəsinə imkan verə bilər, hətta telefonlarına da diskdən rahat şəkildə yükləyə bilərlər. Beləliklə “Audio- Ensiklopediya”nı hazırlamaqla onun şagirdlər üçün gərəkli bir vəsait olacağını özüm üçün yəqinləşdirdim. Bu vəsaitin xüsusilə bizim inklüziv təhsilə cəlb olunan şagirdlərimiz üçün istifadə baxımından daha faydalı olacağına əmindim.
Avqust ayından icrasına başlanılan layihə çərçivəsində bu günə qədər artıq müxtəlif ensiklopediyalar üzərində iş gedib. İnternet səhifələrində maraqlı kitablardan yaş səviyyəsinə uyğun olaraq materiallar toplanılıb. Həmin materiallar redaktə olunub. Onu deyim ki, toplanılan məlumatlar müxtəlif ensiklopedik biliklərə malik olan kitablardan, ensiklopediyalardan və internetdən dəqiq və yoxlanılmış məlumatlardır. Həmin məlumatların elektron versiyasının hazırlanması, səsləndirilməsi ilə bağlı rejissor və aktyor işi də artıq yekunlaşıb, hazırda səsyazma prosesi üzərində işlər gedir. Noyabrın sonu, dekabrın əvvəllərində diskimiz hazır olacaq.
Layihəmdə qarşıya qoyduğum hədəf ondan ibarətdir ki, şagirdlərin bilik və bacarıqlarının artırılmasına, dünyagörüşünün formalaşmasına nail olaq və qeyd etdiyim kimi, xüsusilə inklüziv təhsilə cəlb olunan şagirdlər üçün gözəl bir resurs hazırlansın. İbtidai sinif müəllimləri sinif təşkilat saatlarında, həyat bilgisi dərslərində bu resursdan faydalana bilsinlər.
Düşünürəm ki, təqdim olunacaq “Audio- Ensiklopediya”nı dinləyəcək uşaqların gördüklərindən, oxuduqlarından daha çox diskdən eşitdikləri məlumatlar, müəyyən bilgilər yadlarında qalacaqdır. Bu sanki bir nənənin nəvəsinə danışdığı nağıla bənzəyir. İllər keçəcək, uşaqların hafizəsində həmin müxtəlif məlumatlar, bilgilər yaddan çıxmayacaq, eynilə nə vaxtsa dinlədikləri nağıllar kimi. Məlumatların elektronlaşdırılması həm də uşaqların daha rahat öyrənməsinə imkan verəcək.
“Audio-Ensiklopediya” praktik olacaq, hər bir kəs ondan asanlıqla istifadə edə biləcək. Bu, eyni zamanda valideynlər, şagirdlərə keçilən dərslərə aid məlumatlarla bağlı sual-cavab hazırlayan müəllimlər, uşaq birliyi rəhbərləri üçün də çox gözəl vəsait olacaqdır. Vəsait gözündə problemi olan uşaqlarımız üçün də istifadə etmək baxımından rahat olacaqdır. Əmin olmadığım heç bir işin qulpundan yapışmıram. Uzun illər ərzində qazandığım təcrübə mənə belə bir layihə ilə müsabiqəyə qatılmaq inamını verdi. Onu da xüsusi qeyd edim ki, qrant müsabiqələrin təşkili biz müəllimlərə reallaşdırmaq arzusunda olduğumuz ideyaları hazırladığımız layihələr şəklində həyata keçirməyimizə geniş imkan və şərait yaradır.
Samirə KƏRİMOVA