Flora Hacıyeva: “Özünüzdən sonra gələn gənc nəslin inkişafında yaxından iştirak edin”


Ötən əsrin əvvəllərində müstəqillik ideallarını əsas tutan cümhuriyyət qurucularının ilk həyati hədəflərindən biri ölkədə elm və təhsilin inkişafına təkan verəcək nümunəvi universitetin yaradılması idi. Elə bir universitet ki, müstəqil dövlətin elmi potensialını üzə çıxara bilsin, azadlıq və sivil dünyaya inteqrasiya yolunu seçən gənc dövlətin elmi bünövrəsini qoyaraq ona dayaq olsun, onu möhkəmlətsin və gələcək nəsillərə çatdırsın. Və beləliklə, ilk universitetimiz - Bakı Dövlət Universiteti yaradıldı. Bu gün isə tam əminliklə deyə bilərik ki, cümhuriyyət qurucularının və ilk universitetimizin məşhur alimlərinin ruhu şad ola bilər: Bakı Dövlət Universiteti və onun gənc alimləri bu missiyanı şərəflə daşımaqda, ölkəmizin inkişafına öz töhfələrini verməkdədir. Onlardan biri Gənclər üçün Prezident mükafatçısı, BDU-nun gənc və perspektivli alimlərindən olan Flora Hacıyevadır.

 

Tanıtım: Flora Hacıyeva 26 yanvar 1985-ci ildə Tovuz rayonunda anadan olub. 2000-ci ildə Tovuz rayonu N.Tusi adına orta məktəbi əla qiymətlərlə bitirib. 2000-ci ildə 15 yaşında Bakı Dövlət Universitetinin kimya fakültəsinə daxil olub, həmin fakültənin bakalavr, 2006-cı ildə isə magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib. 27 dekabr 2007-ci il tarixindən BDU-nun “Nanomaterialların kimyəvi fizikası” kafedrasına dissertant qəbul olunub. 25 noyabr 2010-cu ildə kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

2006-cı ildə “Nanomaterialların kimyəvi fizikası” kafedrasında baş laborant, 2011-ci ildən “Nanomaterialların kimyəvi fizikası” kafedrasında müəllim, “Nano Araşdırmalar Mərkəzində” böyük elmi işçi, 2016-cı ildən dosent vəzifəsində çalışır. Müxtəlif ölkələrdə (Yaponiya, Fransa, Almaniya, İtaliya, İspaniya, Avstriya, Çexiya, Yunanıstan, Türkiyə, Rusiya, İran və b.) təcrübəkeçmə proqramlarına qatılıb, beynəlxalq konfrans və simpoziumlarda məruzə ilə çıxış edib. 82 elmi əsərin müəllifidir,  onlardan 64-ü (51-i Web of Science Clarivate Analytics agentliyi siyahısına düşən nüfuzlu beynəlxalq elmi jurnallarda) və 23 tezis xarici jurnal və konfrans məcmuələrində  nəşr edilib. Nanotexnologiya sahəsi üzrə bir neçə beynəlxalq və ölkədaxili qrant layihələrinin iştirakçısı və 3 beynəlxalq layihənin (Matsumae, ISESCO, MİÜNT) rəhbəri olub. 2016-cı ildə Yaponiyanın Matsumae Fondunun qrant layihəsini qazanaraq 4 ay müddətində Kumamoto Universitetində elmi-tədqiqat işi aparıb.  Matsumae Fondunun xüsusi medalı və sertifikatı ilə təltif edilib.

 

Elmi-tədqiqat işlərinin təhsil sahəsinə tətbiqi üzrə də işlər aparmaqdadır. Bakı Dövlət Universitetində kimya, fizika, biologiya və ekologiya fakültələrinin bakalavr və magistr pillələrində nanotexnologiya üzrə açılan ixtisaslar və fənlərin proqramlarının hazırlanmasında, eləcə də tədrisində fəal iştirak edir. Kimya fakültəsinin bakalavr təhsil pilləsi üçün “Nanokimya və nanotexnologiyanın əsasları” fənninin və Ekologiya fakültəsinin magistr təhsil pilləsi üçün “Nanotexnologiyanın ekologiyada tətbiqi” fənn proqramlarının müəllifidir.

 

Hazırda təhsilin doktorantura pilləsində 2 nəfər doktoranta elmi rəhbərlik edir. 2014-cü ildə elm və təhsil sahəsində əldə etdiyi uğurlara görə Gənclər üçün Prezident Mükafatına layiq görülüb. MDB ölkələrinin Gənc Alimlərinin Ekspert Şurasının, Fizika fakültəsinin  D011 Dissertasiya Şurasının nəzdindəki Seminar Şurasının üzvüdür.  Hazırda elmlər doktoru proqramı üzrə elmi-tədqiqat işlərini yekunlaşdırmaq üzrədir.

 

“Nanotexnologiya innovasiya yönümlü bir elm sahəsidir”

 

- Tədqiqatlarınızın mövzusu barədə  məlumat verərdiniz. Bu sahənin aktuallığı  nədədir?

- Tədqiqatımın əsas mövzusu nanotexnologiya və bu sahədə aparılan elmi-tədqiqat işləridir. Nanotexnologiya - innovasiya yönümlü bir elm sahəsidir və hazırda dünyada ən prioritet istiqamətlərdən biri hesab olunur. Qeyd edim ki, nanotexnologiya ölçüləri 0,1-100 nm tərtibində olan obyektlərdə baş verən fiziki, kimyəvi, bioloji və sair prosesləri öyrənən multidissiplinar bir elm sahəsidir. Nanotexnologiya elmi keçən əsrin 60-cı illərindən inkişaf etməyə başlayıb və bu gün həyatımızın müxtəlif sahələrinə sürətlə daxil olmaqdadır. Bu elmdən əldə edilən nəticələr tibb, sənaye, aviasiya və kosmonavtika, hərbi sənaye, elektronika, ekologiya və sair sahələrdə çox geniş istifadə olunur. Hissəciklərin ölçüləri kiçildikcə onlar bir sıra yeni xassələrə malik olurlar və əgər bu  ölçüləri qoruyub saxlamaq mümkün olsa, keyfiyyətcə yeni, yüksək effektivliyə malik materiallar almaq olar. Ölçüləri 0,1-100 nm olan nanoquruluşlar poladdan dəfələrlə möhkəm olan çox yüngül materialların hazırlanmasında, böyük yaddaşa malik kiçikölçülü qurğuların yaradılmasında, səthi islanmayan və öz-özünü təmizləyən şüşələrin istehsalında, şiş hüceyrələrinə məqsədyönlü dərman daşıma sistemlərində, güclü antiseptik və antibakterial maddələrin hazırlanmasında, səthi gorünməyən obyektlərin alınmasında və sair sahələrdə çox geniş istifadə olunmaqdadır.

 

- Təhsilinizdə və elmi karyeranızda BDU-nun rolu barədə nə deyə bilərsiniz? BDU-da elmi mühit necədir?

- Mən təhsilimin həm bakalavr, magistr, həm də doktorantura pillələrini BDU-da almışam. Hazırda elmlər doktoru pilləsini də BDU-da yekunlaşdırmaq üzrəyəm. Təbii ki, mənim elmdə və təhsildə əldə etdiyim uğur və nailiyyətlərdə, həmçinin dünyagörüşümün formalaşmasında BDU-nun rolu əvəzedilməzdir. Mən 2006-cı ildən BDU-da aktiv elmi fəaliyyətə başlamışam. Deyə bilərəm ki, elm sahəsində fasiləsiz işlədiyim son 13 il ərzində universitetdə və kafedrada gənc tədqiqatçının öz potensialını üzə çıxarması üçün münbit elmi mühit olub.

 

- BDU-nu seçərkən bugünkü uğurları əldə edəcəyinizə əminliyiniz var idimi?

- Mən BDU-nun kimya fakültəsinə daxil olanda cəmi 15 yaşım var idi. O zamanlar nə vaxtsa alim olacağımı düşünmək və ya onu xəyal etməyimi demək çətin olar...  Sadəcə onu bilirdim ki, elmə, təhsilə çox həvəsim vardı və bu yolda irəliləmək, təhsilimi daha da inkişaf etdirmək istəyirdim. Mən yalnız çalışır və elmi-tədqiqat işlərimi bitkin yerinə yetirmək istəyirdim. Bütün qazandığım uğurlar buradan qaynaqlanır.

 

- BDU gənc alimlərə hansı imkanları verir? Universitetdə gənc alimlər üçün hansı perspektivlər var?

- 100 illik yubileyini qeyd etdiyimiz BDU yarandığı gündən Azərbaycan Respublikasının və xalqının inkişafında böyük tarixi rol oynayıb. Bu universitet cəmiyyətimizə çoxlu sayda dahi elm adamları və elm xadimləri, tanınmış ziyalıları verib. BDU-da çalışdığım müddətdə həmişə müəllimlərim, elmi rəhbərlərim və digər həmkarlarım tərəfdən həm elmi, həm də mənəvi dəstək görmüşəm. Universitetdə gənc alim və tədqiqatçılar üçün həmişə geniş imkan və perspektivlər olub və düşünürəm ki, bu mühit bundan sonra da olacaq.

 

“BDU-da çox yaxşı elmi potensial var”

 

- Bir gənc alim olaraq BDU-nun elmi potensialını necə qiymətləndirirsiniz?

- BDU-da həm yaşlı, həm də gənc nəsil nümayəndələrindən çox yaxşı elmi potensial var. Mən dünyanın bir sıra inkişaf etmiş ölkələrində elmi ezamiyyətlərdə olmuşam və bu ölkələrdə çalışmaq imkanım da olub. Bir şeyə əminəm ki, Azərbaycan xalqı çox intellektual xalqdır və bu xalqın nümayəndələri dünyanın istənilən yerində elm, təhsil və digər sahələrdə uğurlar əldə etmək qabiliyyətinə malik insanlardır. Təbii ki, bu cür intellektual gənclərin, gənc alimlərin aşkar olunmasında, onların inkişafında mühit də çox böyük rol oynayır. Bilirsiniz ki, Web of Science Clarivate Analytics bazası dünyada elm adamlarının, alimlərinin, o cümlədən ali məktəblərin elmi səviyyəsini təyin edən elmmetrik beynəlxalq bazadır. Web of Science Clarivate Analytics bazasından əldə olunan məlumata görə, Azərbaycan elmi məhsulunun 22%-ni məhz Bakı Dövlət Universiteti verir.

 

- BDU impakt faktorlu elmi məqalələrin sayına görə ölkəmizdə liderdir. Sizin  bir gənc alim olaraq bu göstəricidə uğur payınız nə qədərdir?

- Bəli, düz vurğuladınız, Azərbaycan ali təhsil müəssisələri arasında Web of Science Clarivate Analytics bazasında çap olunan elmi məqalələrə görə BDU ölkəmizdə liderdir. Mənim də bu beynəlxalq bazada 50-dən çox  müəllif və həmmüəllifliklə elmi məqalələrim var. Təbii ki, bundan sonra da elmi işlərimin sayının və keyfiyyətinin artırılmasına çalışacağam.

 

- Elmi məhsulların kommersiyalaşdırılması - bu nə qədər vacibdir?  Bir gənc alim üçün gəlir mənbəyi hesab oluna bilərmi?

- Ümumiyyətlə, elmin kommersiyalaşdırılması bütün dünyada ölkələrin iqtisadiyyatının inkişafına təkan verən bəlkə də ən birinci amillərdən biridir. Məlum olduğu kimi, ABŞ, Kanada, Yaponiya və digər inkişaf etmiş ölkələrdə elmi innovasiyaların tətbiqindən əldə olunan gəlir ölkə iqtisadiyyatının böyük hissəsini təşkil edir. Belə demək olar ki, dünya miqyasında ölkələrin iqtisadi göstəriciləri, beynəlxalq nüfuzu və digər pozitiv üstünlükləri elmi innovasiyaların, elmi məhsulların kommersiyalaşdırılmasının verdiyi faizlə ölçülür. Təbii ki, elmi məhsulların kommersiyalaşdırılması çox vacibdir, bu,  nəinki gənc alim, həmçinin elmi müəssisə və bütövlükdə ölkə üçün gəlir mənbəyidir.

 

- Siz gənc alimin portretini  necə xarakterizə edərdiniz: Gənc alim kimdir?

- Gənc alimi öz çalışdığı sahədə yüksək baza biliyinə malik, həmçinin daim öz üzərində işləyən, beynəlxalq elm və təhsil sahələrində inteqrasiyada olan, öz ölkəsində yüksək ixtisaslı kadrların yetişdirilməsində yaxından iştirak edən, ölkəsini beynəlxalq səviyyədə təmsil etmək qabiliyyətinə sahib olan və təbii ki, Vətənini, xalqını sevən gənc tədqiqatçı kimi təsvir edə bilərəm.

 

“Dünyanın elm və təhsil qapıları bu gün çox açıqdır”

 

- Hər bir gənc alimin arzusu tədqiqatlarının nəticələrinin reallaşmasını görməkdir. Siz necə hesab edirsiniz?

- Əlbəttə, bu, nəinki gənc tədqiqatçının, bütövlükdə bütün dünyada elm adamlarının ümumi arzusudur. Hər hansı elmi təcrübədən əldə olunan müsbət nəticələr, bu nəticələrin dünyanın tanınmış jurnallarında dərc edilməsi və ya hər hansı beynəlxalq fond tərəfindən maliyyələşdirməyə qəbul olunması, təbii ki, bunlar bir çox gənc alimin arzularının reallaşması deməkdir.

 

- Gənclərə məsləhət verin: elm və tədqiqatlarda necə uğur qazanmaq olar?

- Düşünürəm ki, burada ən vacib amil daxili istək və həvəsdir. Əlbəttə ki, çox vacib rolu elmi mühit də oynayır. Gənclərə məsləhətim arzuları və hədəfləri yolunda irəliləmək, hər hansı maneədən, çətinliklərdən çəkinməmək və qorxmamaq, çoxlu çalışmaqdan ibarətdir. İstənilən halda heç bir zəhmət yerdə qalmır. Dünyanın elm və təhsil qapıları bu gün çox açıqdır. Mən təxminən 10-15 il bundan qabaqkı illərlə müqayisədə deyə bilərəm ki, gənclərin xarici ölkələrə çıxışı, təhsil almaları, elmi-tədqiqat aparmaları çox genişlənib. Buna ölkəmizdə qəbul olunan dövlət proqramları, ölkədaxili fondların təmin etdikləri elm və təhsil layihələri, həmçinin beynəlxalq donor ölkələrin ayırdığı təqaüdləri misal gətirmək olar. Ona görə də gənclərə məsləhətim: çalışın, inkişaf edin və özünüzdən sonra gələn gənc nəslin inkişafında yaxından iştirak edin.

 

- Hansısa qlobal elmi məqsədiniz varmı?

- Bilirsiniz, elmlə çox məşğul olduqca belə bir qənaətə gəlirəm ki, doğrudan da elm sonu bilinməyən bir dəryadır, biz də o dəryanın çox kiçik damcılarını öyrənməklə məşğuluq. Elmdə kəşf olunası, oyrəniləsi o qədər sahə var ki...  Əsas məqsədim çalışdığım sahə üzrə yaxşı mütəxəssis, beynəlxalq səviyyədə tanınan bir elm adamı kimi formalaşmaqdır. Çox istəyərdim ki, yaxşı tələbələrim, yetirmələrim olsun, nə vaxtsa elmi məktəb formalaşdırım. Çünki düşünürəm ki, hər bir yaxşı alimin beynəlxalq səviyyədə tanınan elmi əsərləri, elmi-tədqiqat işləri, layihələri ilə yanaşı, yaxşı bir elmi məktəbi də olmalıdır.

 

Oruc MUSTAFAYEV