Lənkəran Peşə Liseyi Lənkəran Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi ilə birlikdə Xanbulan kənd orta məktəbində gənclər arasında peşəyönümü işinin təbliği ilə bağlı tədbir təşkil edib.

 

Tədbirin əsas məqsədi gənclər arasında peşəyönümü işinin gücləndirilməsi, onlara əmək bazarında daha çox tələb olunan peşə ixtisasları haqqında məlumatların verilməsidir.

 

Məktəblilərə Lənkəran Peşə Liseyinin aşpaz, xalçaçılıq, bitkiçilik, fermer, qaynaq və çilingər-santexnik qruplarında təhsil alan tələbələrin işləri nümayiş etdirilib, şagirdlərlə birlikdə məktəb ərazisində ağaclar əkilib, məktəblilərə çay toxumundan çay tinginin yetişdirilməsi göstərilib.

 

Xanbulan kənd orta məktəbinə Lənkəran Peşə Liseyində yetişdirilən Lənkəran akasiyası təqdim edilib.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.