Naxçıvan Dövlət Universitetində Azərbaycanın Xalq artisti, Naxçıvanın Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanovla görüş keçirilib.
İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova Abbasqulu ağa Bakıxanov nəslinin layiqli davamçısı olan, 1930-cu ildə Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açan Tofiq Bakıxanovun yaradıcılığını çoxşaxəli və məhsuldar adlandırıb. O deyib ki, böyük sənətkar bir çox səhnə əsərlərinə musiqi yazıb, baletlər, simfonik əsərlər, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərləri, mahnılar, romanslar bəstələyib, bir sözlə, musiqinin bütün janrlarında yazıb-yaradıb.
Naxçıvan Bəstəkarlıq təşkilatının sədri, Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının baş müəllimi Yaşar Xəlilov bildirib ki, sənətkarın Azərbaycan musiqi xəzinəsini zənginləşdirən əsərləri bu gün dünyanın 50-dən çox ölkəsində səslənir.
Tofiq Bakıxanov yaradıcılığında Naxçıvan mövzusunun olmasının əsas səbəbi kimi Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun onun yaradıcılığına verdiyi dəyərlə bağlı olduğunu diqqətə çatdırıb. Bəstəkar tələbələrin suallarını da cavablandırıb və Azərbaycan musiqi tarixində özünəməxsus yer tutan görkəmli bəstəkarlarla bağlı xatirələrini onlarla bölüşüb.