Mərasimdə iki ali məktəb arasında əməkdaşlıq sazişi imzalanıb


Aprelin 26-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Belqrad Universitetində yaradılan “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəsmi açılış mərasimi keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov, Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev, Bakı Dövlət Universitetinin “Dünya ədəbiyyatı” kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı,professor Cəlil Nağıyev, Azərbaycan Dövlət Nəşriyyatının Baş redaktoru, “Əməkdar jurnalist Əlövsət Ağalarov, Belqrad Universitetinin rektoru, doktor Vladimir Bumbaşireviç, filologiya fakültəsinin dekanı Lyilyana Markoviç, Serbiya Parlamentində Azərbaycanla dostluq qrupunun üzvü, Serbiya Kral Akademiyası Şurasının üzvü Lyubişa Stoymiroviç, deputatlar Miliya Miletiç və Marko Parezanoviç, Serbiya Respublikası Xarici İşlər Nazirinin müavini Tamara Rastovaç Simaşvili, habelə Serbiyanın dövlət, hökumət qurumlarının, diplomatik korpusun, elmi, akademik dairələrin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

 

Belqrad Universitetinin rektoru Vladimir Bumbaşireviç mərkəzin yaradılmasının iki ölkə arasında mədəni və humanitar əlaqələrin daha da inkişafına xidmət edəcəyini söyləyib. Rektor Azərbaycanın Serbiyada həyata keçirdiyi bir çox humanitar layihələri yüksək qiymətləndirərək, bunun ölkəsi tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. Bildirib ki, Azərbaycan və Serbiya xalqları oxşar mədəniyyətə sahibdir: “Bu gün tələbələrimiz Azərbaycan mədəniyyətinə yüksək maraq göstərir. Mərkəzin xalqlarımızın mədəniyyətini birləşdirəcək yeni bir körpü olacağına əminəm. Həmçinin may ayında Azərbaycan Dilləri Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzi yaradılacaq. Bu əməkdaşlıq Azərbaycan-Serbiya əlaqələrində çox önəmli yerə malikdir”.

 

Azərbaycan Respublikasının Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov çıxışında Azərbaycanla Serbiya arasındakı münasibətlərin dinamik şəkildə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və siyasi əlaqələrlə yanaşı, iqtisadi, mədəni, humanitar və digər sahələrdə də fəal əməkdaşlığın mövcud olduğunu deyib. Qeyd edib ki, müstəqil Azərbaycan tolerantlıq və dini dözümlülüyə sadiq, zəngin tarixi və mədəni sərvətlərə sahib olmaqla eyni zamanda müasir dəyərləri özündə birləşdirən bir ölkədir. Səfir qeyd edib ki, Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında imzalanacaq əməkdaşlıq haqqında saziş hər iki ölkənin təhsil və elm sahəsindəki əlaqələrinin daha da genişləndirilməsinə xidmət edəcək, qarşılıqlı tələbə və təcrübə mübadiləsini zənginləşəcək.

 

Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev ADU-nun rektoru, akademik Kamal Abdullanın təbrik məktubunu oxuyub. Professor mərkəzin fəaliyyətinin ölkələrarası mədəni münasibətlərin daha da genişlənməsində, habelə Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində mühüm rol oynayacağına əminliyini bildirib. O, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda multikulturalizm ənənələrinin, tolerantlığın təşəkkül tapması və etnik azlıqlar arasında qarşılıqlı anlaşmanın təşviq edilməsindən bəhs edib.

 

Filologiya fakültəsinin dekanı Lyilyana Markoviç mərkəzin fəaliyyətini tələbələrin və bütün Serbiyanın Cənubi Qafqaz və türk mədəniyyəti ilə əyani tanışlığı üçün böyük fürsət kimi dəyərləndirib.

 

“Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin müdiri dosent Lalə Məcidova bu layihənin həyata keçməsi üçün göstərilən dəstəyə görə hər iki universitetin rəhbərliyinə və Azərbaycanın Serbiyadakı səfirliyinə təşəkkürünü bildirib.

 

Daha sonra Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.