Denha Nazariy, IOI-2019-un qızıl medalçısı: “Olimpiadadan çox gözəl təəssüratlar qalıb”


Bu ilin yayında Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI-2019 International Olympiad Informatics)  öz mötəbərliyi və  nəticələri ilə təhsil sistemimizdə uğurlu hadisələrdən oldu. Bu olimpiadada Ukrayna məktəbliləri bir qızıl, iki gümüş və bir bürünc mükafat qazanıblar.  Ukrayna komandası A.S.Makarenko adına Kremençuq Pedaqoji Kolleci nəzdində Poltava Vilayət elmi internat liseyinin şagirdlərindən ibarət olub. Komandanın üzvlərindən 31-ci Olimpiadanın qızıl medalına layiq görülmüş Denha Nazariyin qələbəsi ona   həm də Polşanın nüfuzlu Yagellan Universitetinin tələbəsi adını qazandırıb.  Ukraynalı gəncin IOI-2019, Azərbaycanla bağlı təəssüratları çox zəngindir.

 

- Siz Bakıda keçirilən beynəlxalq olimpiadada qızıl medal qazandınız. Necə hesab edirsiniz,  qələbənizdə hansı faktorlar əsas rol oynadı?

- Şübhəsiz ki, bu cür olimpiadalar hərtərəfli hazırlıq tələb edir.  Ancaq hesab edirəm ki,  mötəbər bilik yarışmalarına yüksək səviyyədə hazırlaşmaq və uğurlu nəticələr qazanmaq üçün yaxşı müəllim,  ciddi səylə məşqlər lazımdır.  Mühüm amillərdən biri də odur ki, bu cür olimpiadalarda iştirakçılardan yüksək və düzgün motivasiya olunmuş əhvali-ruhiyyə tələb olunur.  

 

- Siz hansı yaşdan beynəlxalq olimpiadalarda iştirak edirsiniz? 

- Beynəlxalq olimpiadalarda IX sinifdən iştirak edirəm.  X sinifdə beynəlxalq olimpiadanın gümüş,  XI sinifdə isə qızıl medalını qazandım. Bundan əvvəl Ümumukrayna Olimpiadalarında, yeniyetmələr üçün informatika üzrə Birinci Avropa Olimpiadasında (eJOİ) iştirak etmişəm.

 

- Bakıda keçirilən Olimpiadaya necə hazırlaşmışdınız?

- Hər gün 2-5 saat Olimpiada tapşırıqlarının həlli ilə məşğul  olurdum. Digər olimpiadaların da məsələlərini həll etməyə çalışırdım. Bundan əlavə, ötən illərdə keçirilmiş olimpiadaların tapşırıqlarını həll edir və müxtəlif alqoritmləri təhlil edirdim. 

 

Olimpiadaya komanda olaraq hazırlıq isə xüsusi seçim əsasında aparılır.  Komandanın tərkibi  Ümumukrayna Olimpiadasının nəticələrinə əsasən təşkil olunur.  Seçmə-məşq toplantılarına  8 nəfər və “səkkizliyə” düşməyən əvvəlki illərin medalçıları daxildir. Beynəlxalq olimpiada tələblərinə maksimum dərəcədə yaxın şərtlərlə 6 tur keçirilir.  Nəticədə 4 ən yaxşı qalib IOI-ya  yollanır.

 

- IOI-2019-da hansı tapşırıqlar sizin daha çox xoşunuza gəldi. Sizcə, ən mürəkkəb və ya ən maraqlı suallar hansılar idi?

- Bütün tapşırıqlar  xoşuma gəldi, hamısı çox orijinal və maraqlı idi.  İkinci turun suallarını bəyəndim.  Mən onun üzərində təxminən 2 saat fikirləşdim və tam  bal qazandım.

 

- Bu cür olimpiadalarda iştirak etməyə hazırlaşan həmyaşıdlarınıza nə kimi tövsiyələriniz olardı?

- Hər gün məşq edin və həyəcan keçirməyin.

 

- İnformatika və proqramlaşdırma sizin üçün nə dərəcədə maraqlıdır? Çoxları vaxt azlığından şikayət edir, siz necə,  çatdıra bilirsiniz? 

- Proqramlaşdırma mənim çox xoşuma gəlir, indi universitetdə proqramçı kimi oxuyuram. Demək olar ki, hər şeyə kifayət qədər vaxt var, amma hərdən istirahət etmək, gəzmək də istəyirəm, ancaq məsələləri də həll  etmək lazımdır.

 

- Nəyə daha  çox həvəs göstərirsiniz?

- Dostlarımla futbol oynamağı sevirəm, üzməyə gedirəm.

 

-  Sizə olimpiadalarda uğur qazandıran müəllimlər barədə nə deyə bilərsiniz? Uğurlarınızda daha çox kimə minnətdarsınız?

- Bəli, müəllimim Valentin İvanoviç Melnikdir. Onun çox keyfiyyətli hazırlıq sistemi, hər bir şagirdə öz yanaşması var. Onun tələbələrinin çoxu beynəlxalq olimpiadalardan bir çox medallar qazanıb,  bir çoxları indi dünyanın ən yaxşı IT  şirkətlərində (Facebook, Google, Microsoft, Snapchat) çalışırlar.

 

- Gələcəyinizi necə görürsünüz?

- Mən bu il Polşanın Krakov Yagellon Universitetinə “Analitik informatika” ixtisasına daxil oldum.  Gələcəkdə özümü bir proqramçı kimi görürəm. Qarşıdakı illərdə hansısa şirkətlərdə təcrübə keçməyi və ya öz şirkətimi yaratmağı, proqramçı işləməyi planlaşdırıram.

 

- Bakıda keçirilən informatıka olimpiadası barədə nə deyə bilərsiniz. Azərbaycan haqqında təəssüratlarınız necədir?

 - Olimpiadadan  çox gözəl  təəssüratlarım qalıb.  Mənim fikrimcə, Azərbaycanda keçirilən informatika olimpiadası son illər iştirak etdiyim  beynəlxalq olimpiadaların  ən yaxşısı idi.  Azərbaycan öz ənənələri ilə çox gözəl  bir ölkədir. Bakı və mətbəxiniz çox  xoşuma gəldi.

 

Oruc İSAOĞLU