Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iştirakı ilə “Ali təhsil müəssisələrində mülki müdafiənin tədrisinə diqqət artırılmalıdır” mövzusunda konfrans keçirilib. Universitetin I kurs tələbələrinin qatıldığı tədbirdə Tədris və tərbiyə işləri üzrə prorektor, dosent Rafiq Rəhimov tələbələrin maarifləndirilməsi istiqamətində aparılan tədbirin əhəmiyyətini qeyd edib.
Nazirliyin Mülki müdafiə işinin təşkili şöbəsinin bölmə rəisi, kapitan Rəcəb Səfərov təhsil müəssisələrinin mülki müdafiə sahəsində vəzifələrinin nədən ibarət olduğunu izahlayıb.
Mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçi Azadə Cəfərova “Muxtar respublikada ehtimal olunan fövqəladə hallar və bu hallara hazırlığın psixoloji aspektləri” mövzusunda təbii və texnogen mənşəli fövqəladə hallar və onlardan necə qurtulmaq yolları barədə tələbələri ətraflı məlumatlandırıb.
“Ali təhsil müəssisələrində yаnğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır. Dəm qаzı və ondаn mühafizə yollаrı” adlı çıxışında mülki müdаfiəyə və fövqəlаdə hаllаrа hаzırlıq bölməsinin əhаlinin mааrifləndirilməsi və mеtodiki yаrdımın təşkili üzrə bаş məsləhətçisi Əbülfəz Qafarov vətəndaşların məsuliyyət daşıdıqları məsələlər, hüquqları haqda məlumat verib. İlkin yanğınsöndürmə vasitələri tələbələrə izah edilib.
Yanğın təhlükəsizliyi sahəsində ümumi tələblər, yaşayış binalarında yanğın zamanı hərəkət qaydaları tələbələrə slayd vasitəsilə əyani göstərilib.