Bilik Fondu Tbilisidə beynəlxalq konfrans keçirib
Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam;na uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin və Gürcüstan Milli Elmlər Akademiyasının dəstəyi ilə Tbilisidə “Soyqırım hadisələri müasir elmi araşdırmalarda" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdən əvvəl konfrans iştirakçıları Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.
Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən konfransda Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənov, Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren Yazgan, Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti akademik Georgi Kvasitadze, Çeçenistanın Yazıçılar İttifaqının sədri Kanta İbraqimov, hər iki ölkənin tanınmış tarixçi-alimləri, mütəxəssislər, media və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru Leyla Əliyeva iştirakçıları salamlayaraq, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyalar barədə məlumat verib.
Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov ölkə başçısının soyqırımla bağlı imzaladığı Sərəncamı xatırladaraq, 100 il əvvəl – 1918-ci ilin mart-aprel aylarında Azərbaycan xalqının başına gətirilən dəhşətli faciə haqqında danışıb, səfir bildirib ki, Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Erməni millətçiləri Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar törədiblər. Konfransda tarixçi alimlərin səsləndirdikləri fikirlərin gələcək obyektiv araşdırmalara təkan olacağını vurğulayıb.
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova icraçı direktor Oktay Səmədovun konfrans iştirakçılarına ünvanlandığı məktubu oxuyub.
Türkiyə Respublikasının Gürcüstandakı səfiri Fatma Ceren çıxışında 20-ci əsrin əvvələrində azərbaycanlılara qarşı həyata keçirilən soyqırım hadisələri tarixinin dərindən öyrənilməsinə, indiki və gələcək nəslin nümayəndələrinə daha dolğun və ətraflı çatdırılmasına ehtiyac olduğunu deyib, bu istiqamətdə üç ölkə alimlərinin, siyasətçilərinin birgə fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.
Gürcüstan Milli Elmlər Akademiyasının Prezidenti akademik Georgi Kvasitadze tarixi həqiqətlərin tanıdılmasına xidmət edən konfransın real nəticələr verəcəyini bildirib.
Çeçenistanın Yazıçılar İttifaqının sədri Kanta İbraqimov azərbaycanlıların sülhpərvər xalq olduğunu qeyd edərək, tolerant topluma qarşı onun qonşuları tərəfindən aqressivlik nümayiş etdirilməsinin yolverilməz olduğunu və haqqın qalib gələcəyinə inandığını vurğulayıb.
Sonra mövzu üzrə məruzələr dinlənilib, müzakirələr aparılıb.