Lənkəran rayonu Ləj kənd N.Aslanov adına tam orta məktəbinin müəllimi İlkin Qəniyevin rəhbəri olduğu  “Vətənim Azərbaycan” layihəsinin 01.09.2019 - 05.10.2019  tarixləri üçün nəzərdə tutulan hazırlıq dövrü  başa çatıb.

 

Layihə Təhsil Nazirliyinin inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olub.

 

Qeyd edək ki,  “Vətənim Azərbaycan” layihəsi çərçivəsində Lənkəran rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycanın tarixi və coğrafiyası üzrə breynrinq – bilik yarışı təşkil olunacaq.

 

İlk öncə Lənkəran rayonunun mərkəzi və əlavə 4 istiqamət üzrə yerləşən ümumtəhsil müəssisələrinin şagirdlərinin yarışları təşkil ediləcək. Hər istiqamət üzrə 1 məktəbin komandası finala vəsiqə qazanacaq. Yekunda 5 finalçı məktəb komandaları arasında final görüşü təşkil olunacaq.  Nəticədə qaliblər müəyyən olunmaqla,  diplom, medallarla təltif ediləcək.

 

Finalçı məktəblilərin cənub bölgəsinin bir sıra tarixi yerlərinə ekskursiyası da həyata keçiriləcək.
    

Məktəblilərin böyük marağına səbəb olan “Vətənim Azərbaycan” layihəsinin məqsədi şagirdlərdə milli vətənpərvərlik tərbiyəsinin daha da yüksək səviyyədə qorunmasına dəstək verən Azərbaycanın tarixi və coğrafiyası haqqında bilikləri yüksəltmək və bunu dəyərləndirməkdən ibarətdir.
      

“Vətənim Azərbaycan” layihəsinin rəhbəri İlkin Qəniyev Təhsil nazirliyinin yaratdığı bu şəraiti təqdirəlayiq sayıb. Belə ki, Azərbaycanın müharibə şəraitində olması gənc nəslin vətənpərvər hisslərlə böyüməsini  vacib şərtə  çevirib:” Bu məqsədlə “Vətənim Azərbaycan” layihəsinin icrası ilə Lənkəran rayonu üzrə demək olar ki, bütün ümumtəhsil müəssisələrinin şagirdlərini dövlətimizin tarixi və coğrafiyası ilə bir daha yaxından tanış edəcəyik. Şanlı tariximizi, təbii-coğrafi mövqeyimizi, bir sözlə, Vətənimizin tarixini və coğrafiyasını bilən hər kəs  onun  dəyərini daha dərindən dərk edərək, müdafiəsinə hər zaman hazır olacaqdır. Unutmayaq ki, bu Vətən onun dəyərini dərk edənlərin sayəsində var və hər zaman da var olacaqdır.”