AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın “Naxçıvan dialekt və şivələrinin leksikası” və həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru  Zülfiyyə İsmayılın “Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” adlı monoqrafiyaların təqdimatı olub.

 

Tədbirdə institutun direktoru  Əbülfəz Quliyev dilçilik elminin qarşısında duran əsas vəzifələrdən danışıb və monoqrafiyaların müasir dövr üçün aktuallığından söz açıb.

 

Bildirilib ki,  “Naxçıvan dialekt və şivələrinin leksikası” adlı monoqrafiya Türkiyənin “Gecə Akademi” nəşriyyatında, “Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” adlı monoqrafiya isə Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatında çap edilib.

 

Əbülfəz Quliyev hesab edir ki, hər iki nəşr sanbalı elmi əsər olmaqla yanaşı, institut əməkdaşlarının tədqiqatlarının beynəlxalq aləmdə tanınmasına zəmin yaradıb.

 

Qeyd edək ki, Naxçıvan dialekt və şivələrində işlənən və türk dillərinin bir çoxu üçün ortaq olan leksik vahidlər müqayisəli tədqiq edilib. Naxçıvan ərazisinin müxtəlif rayonlarından toplanılan dialektoloji materiallar, Naxçıvan dialekt və şivələrinə xas olan atalar sözləri də müqayisəli linqvistik tədqiqata cəlb olunub. Burada işlənən atalar sözlərinin digər türk dillərində, eyni zamanda qədim lüğətlərdə mövcudluğu bir daha dilimizin qədimliyini göstərir.

 

Diqqətə çatdırılıb ki, “Ortaq türk mədəniyyətində Naxçıvan dialekt və şivələri” adlı monoqrafiyada isə zəngin dialektoloji materiallar əsasında Naxçıvan və Doğu Anadolu dialektlərinin ortaq türk mədəniyyətində rolu araşdırılır və faktlarla sübuta yetirilir. Naxçıvan dialekt və şivələrindəki termin səciyyəli sözlərin müqayisəli tədqiqi göstərir ki, qədim dil elementləri ən çox bu ərazidə qorunub saxlanılıb.  

 

Sonda müəlliflər monoqrafiyaların ərsəyə gəlməsində, dilçiliklə bağlı materialların toplanılmasında Naxçıvan ərazisində ekspedisiyaların təşkili və hərtərəfli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova öz minnətdarlıqlarını bildiriblər.