Könül Ələkbərova: “Özümü peşəkar səhnədə oynamağa tam hazır hiss edirəm”


Könül kənardan sakit, sanki heç bir böyük iddiası olmayan, üzüyola insan təsəvvürü yaradır. Elə söhbətimizin sonunda bu müşahidələrimdə yanılmadığımı gördüm və xeyli təəccübləndim.

 

ADMİU SABAH qrupu Aktyor sənəti 4-cü kurs tələbələri ilə tanışlığımız davam edir. Budəfəki müsahibimiz Könül Ələkbərovadır.

 

1996-cı ildə Bakıda doğulub. Respublika İncəsənət Gimnaziyasını bitirib. Onun incəsənət yolunu özünün də dediyi kimi, valideynləri müəyyənləşdirib. Anası Könülü pianoçu görmək istəyib. Ona görə də elə ilk illərdən gimnaziyanın pianino sinfinə yazdırıb adını.

 

- Amma məktəbə ağlaya-ağlaya gedirdim. Heç həvəsim yox idi. Dərsə girmirdim. Artıq özümü dərk edəndə daha cəsarətli davranırdım. Nə istədiyimi özlüyümdə dəqiqləşdirmişdim. 6-7-ci siniflərdə oxuyanda qaçıb, aktyor qrupunun dərslərində otururdum. Çox istəyirdim, mənə diqqət etsinlər, içimdəki aktyorluq həvəsini kimsə görsün. Təsəvvür edin, bir gün çoxdan gözlədiyim hadisə baş verdi. Elə bil, bu, mənim şansım idi.

 

- Danışsanız, məmnuniyyətlə dinləyərdim.

 

- Deməli, məktəbdə Xocalı faciəsinin ildönümünə aid tədbir hazırlanırdı. Sinif yoldaşım  yaxınlaşıb xəstələndiyini dedi. Xahiş etdi ki, onun yerinə üç bənd şeiri mən söyləyim. Bu təklifə böyük sevinclə razılıq verdim. Ondan sonra aktyorluq qrupunun müəllimləri də mənimlə maraqlanmağa başladılar. Sonrakı tədbirlərə də dəvət etdilər. Həmin illərdə həm də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Oqtay Zülfüqarovun xor dərslərində iştirak edirdim.

 

- Könül, sizə həsəd apardım. Bu qədər rəngarəng yaradıcı mühitin içində olmaq maraqlıdır.

 

- Hə, düzdür. Elə mən də fərqli incəsənət sahələri ilə tanış olduqca ürəyimdə valideynlərimə qarşı minnətdarlıq hissi artır. Özümü rahat hiss edəcəyim ikinci belə məkan olmazdı mənim üçün. Hələ o zamanlar ADMİU-nun binasının qarşısından keçəndə fikirləşirdim ki, görəsən, buranın tələbəsi ola biləcəyəm. Özü də  məni ən çox dəstəkləyən nənəm olub. Çünki dayım bu unversitetdə təhsilini yarımçıq qoyub,  nənəmin onunla bağlı arzusu ürəyində qalıb. Hətta bəzən anam hansısa roluma etiraz edəndə, irad bildirəndə nənəm acıqlanır ki, qızla işin olmasın. O, bu sənəti seçib, imkan yarat özü qərar versin. Hansı rolda necə hərəkət etməlidir, necə davranmalıdır özü daha yaxşı bilir.

 

- Məsələn, hansı obrazınıza irad bildirib ananız?

 

- “Romeo və Cülyetta” tamaşasında Avara qız obrazını bəyənməyib, mənə yaraşdırmayıb. Amma mən bu obrazı sevərək canlandırmışam. Əslində, ilk obrazım “Dərviş Məstəli Şah” tamaşasında qulluqçu Xanpəri obrazıdır. Son hazırladığım “Ezop” tamaşasında yenə qulluqçu Melita obrazındayam.

 

- Çox maraqlıdır, bayaqdan sadaladığınız tamaşaların heç birində əsas rollarda yoxsunuz. Bu, sizi narahat etmir ki?

 

- Ümumiyyətlə, indiyə qədər hazırladığımız tamaşalarda siz dediyiniz kimi, ikinci dərəcəli obrazları canlandırsam da, tam səmimi deyim, heç vaxt kompleks hiss etməmişəm. Çünki mənə tapşırılan hər rola sırf sənət əsəri kimi yanaşmışam. Səhnəyə çıxanda hansı obrazda olduğum yox, oyunumu tamaşaçıya necə çatdırmağım maraqlıdır. Məncə, aktyorun peşəkarlığı məhz bu yanaşmadır.

 

- Adətən bizdə aktyorlar hansı səpgidə obrazlarla yaradıcılığa başlayırsa, sonrakı rejissor təklifləri də məhz bu istiqamətdə olur. Yəni sənə qarşı da bu münasibətin olacağından narahat deyilsən?

 

- Düz deyirsiniz. Bəli, bizim sənətdə bu fikir var. Amma mən hələ tələbəyəm. Qarşıda özümü təsdiq edəcəyim çox iş var. Düşünürəm ki, bu rollar haqqımda dediyiniz təəssüratları yaratmaz. Həm yeri gəlsə, mən də imtina etməyi bacarıram. Sevmədiyim obrazı oynamaram. Buna məni kim məcbur edə bilər ki (gülür). Bu yaxınlarda diplom işində “Otello” tamaşasında Ofeliya obrazı mənə həvalə olunub. Yəni, baş rollardan biri. Hər halda öhdəsindən gələcəyimə inanıram. Qrup rəhbərimiz, Əməkdar artist Nofəl Vəliyevin bizə həmişə çox dəyərli məsləhətləri olur. Ən xoşuma gələn sözü budur ki, aktyorun uğurunun, oyununun son pilləsi yoxdur. Çünki aktyor həmişə fərqli insan xarakterləri canlandırır. Deməli, hər dəfə yeni təcrübə qazanır və təkmilləşir. Bu proses aktyorun yaradıcılığının ən son anına qədər davam edir.

 

- SABAH qrupunun tələbəsi olmaq nə qazandırıb sizə?

 

- SABAH qrupuna daxil olandan sonra daha çox nailiyyət əldə etdim. İlk kurslarda bizə təlim keçmək üçün Amerikadan Bond Küçə Teatrı (Bond Street Theatre) dəvət olunmuşdu. Bir həftəlik təlimdən sonra tələbələr arasında seçim etməli idilər. Sosial mövzuda tamaşa hazırlamaq tapşırılmışdı. Sonuncu gün səkkiz tələbə seçdiklərini açıqladılar. Adımın o siyahıda olduğunu eşidəndə sevincimdən yerə-göyə sığmırdım. Axı tələbə kimi ilk böyük uğurum idi. İşin ən maraqlı tərəfi bundan sonra başladı. Biz növbəti bir həftə ərzində tamaşanı hazırlayaraq, həmin teatr heyəti ilə birgə regionlarda məktəblilər və gənclərə nümayiş etdirdik. Məhz bundan sonra özümə güvənim artdı. Peşəmi daha çox sevməyə başladım.

 

- Bu il məzun olursunuz. Yəni,  bu dörd ildə öyrəndikləriniz hazırda hər hansı teatr səhnəmizdə çıxışınız üçün sizə yetərlidirmi?

 

- Əlbəttə, özümü peşəkar səhnədə oynamağa tam hazır hiss edirəm. Çünki artıq bu illər ərzində biz əsl tamaşa hazırlığı mərhələsindən keçmişik. Ona görə özümü nəinki Azərbaycan teatr səhnəsində, lap Hollivud kino məkanında da çox rahat təsəvvür edə bilirəm (gülür).

 

- Çox gözəl, tam da yaradıcı adama yaraşan özünəinam hissidir. İnamlı olmaq artıq uğurun ilk addımı deməkdir.

 

- Əlbəttə, inamımı həmişə qorumağa çalışıram. Məqsədimə doğru inamla addımlamaq üçün özümə səbir və güc arzulayıram. Bəlkə də təəccüblənərsiniz, əslində, mən həm də aktyorluqdan daha çox radio aparıcısı olmağı arzulayıram. Hətta uşaqlıqda bacımla birlikdə jurnallardan xəbərləri seçib səsimizi telefona yazırdıq. Yanımızda balaca maqnitofonda kasetləri də oxudurduq arada. Yəni, əməlli-başlı radio ab-havası yaradırdıq.

 

- Necə maraqlıdır. Həqiqətən, bu qədər fərqli arzunuzun olduğu ağlıma gəlməzdi. Amma görünür, tezliklə bir qərar verməli olacaqsınız. Əslində, aktyorluq və radio aparıcılığı bir-birindən o qədər də uzaq sahə sayılmaz.

 

- Hə, elədir. Deyəsən, mənə təskinlik verirsiniz (gülür).

 

- Başqa şans qoymadınız ki məndə. Sizə böyük uğurlar diləyirəm. Hər şey könlünüzcə olsun.

 

- Təşəkkür edirəm!

 

Gülnarə İLHAM