Universitet rəhbərliyi bu istiqamətdə məqsədyönlü iş aparır


Bu gün əminliklə deyə bilərik ki, müasir qloballaşma əsrində Azərbaycan müstəqilliyini və dövlətçiliyini möhkəmləndirərək sosial-siyasi və iqtisadi dəyişiklikləri həyata keçirən, milli maraqları əsas götürərək dünyada sivil, demokratik cəmiyyət quran bir dövlət kimi tanınır. Ölkəmiz müstəqillik əldə etdiyi dönəmdən ötən qısa zaman kəsiyində  artıq özünəməxsus inkişaf modeli olan, dinamik və sabit inkişaf edən dövlətlər sırasında yer almaqdadır. Bu gün ölkəmiz qabaqcıl Qərb dünyasına, onun ayrılmaz hissəsi olan Avropaya inteqrasiya xəttini ardıcıl olaraq reallaşdırmaqdadır.

 

Azərbaycanın sivil dünyaya inteqrasiyası və ölkədə sosial-iqtisadi inkişafın təmin olunması daha çox elmin və təhsilin inkişafından, onun dünya təhsil məkanına inteqrasiyasından, yeni elmi biliklərin, texnika və texnologiyaların mənimsənilmə səviyyəsindən asılıdır. Sevindirici haldır ki, digər sahələrdə olduğu kimi dövlətimizin ali təhsildə Avropa təhsil məkanına inteqrasiya xəttinin tələblərinə uyğun həyata keçirdiyi islahatlar öz nəticələrini verməkdədir. Azərbaycanın 2005-ci ildə Bolonya prosesinə qoşulması ölkədə ali təhsil islahatlarının yeni mərhələsinə start vermişdir. Bu çərçivədə 2009-cu ildə qəbul edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”na uyğun olaraq ali təhsilin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması sahəsində mühüm işlər görülür. Bu gün Azərbaycanın ali məktəbləri təhsil və tədrisdə, habelə elm istiqamətində beynəlxalq əlaqələrə üstünlük verir, Avropa Birliyi universitetləri ilə mübadilə və əməkdaşlıq əlaqələri quraraq dialoq və mədəni əlaqələrin inkişaf etdirilməsini hədəfləyən təhsil və tədqiqat proqramında iştirak edirlər. Eyni zamanda Türkiyə Respublikası tərəfindən həyata keçirilən “Mövlanə Mübadilə Proqramı” da universitetlərimizə imkan verir ki, qonşu ölkənin ali təhsil məktəbləri ilə qarşılıqlı şəkildə tələbə-müəllim mübadiləsi apara bilsinlər.

 

Bu gün müasir dünyanın tələblərinə uyğun olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin də beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunması, ortaq Yay Məktəblərinin, ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, müvafiq beynəlxalq təşkilatlarla işbirliyi və digər istiqamətləri əhatə edir. Bu əməkdaşlığın mühüm həlqələrindən birini təşkil edən əcnəbi tələbələrin cəlb olunması məsələsi  universitetimiz üçün həmişə əsas istiqamətlərdən biri sayılır. Təsadüfi deyil ki, əcnəbi tələbələrin sayına görə AzMİU ali təhsil müəssisələri arasında Azərbaycan Tibb Universitetindən sonra ikinci yeri tutur.

 

Bir məsələni xüsusi qeyd etmək istəyirəm ki, əcnəbi tələbələrin daha çox AzMİU-ya axın etməsinin səbəbləri var. Belə ki, universitetin Əcnəbi vətəndaşların hazırlığı fakültəsi olaraq artıq iki ildir ki, AzMİU-nun xarici ölkələrdə təbliği üçün məqsədyönlü fəaliyyət göstərir. Fakültənin əməkdaşları Əminə Ağayeva və İsa Muradov universitetin, fakültə və ixtisaslarının tanıdılması, əcnəbi tələbələrin bu ixtisaslara cəlb olunması məqsədilə Azərbaycanın Türkiyədəki konsulluğunun dəstəyi ilə ötən il İqdırda, Qars, Ağrı,  Van, Siirt və İstanbulda maraqlı görüşlər keçiriblər, universitetin tanıtımını həyata keçiriblər. Əməkdaşlarımız AzMİU-nun tarixi, fakültə və ixtisasları, beynəlxalq əlaqələri, əcnəbilərin universitetə qəbul qaydaları barədə geniş məlumatlar, tədbir iştirakçılarına universitetlə bağlı dəyərli bilgilər verib, onların çoxsaylı suallarını cavablandırıblar. Bu işdə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulu Nuru Quliyev,   Baş Konsulluğun Attaşesi (İqdır bölməsi) Behbud Qadalı, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyinin birinci katibi (Təhsil məsələləri) Nəcibə Nəsibova bizə xüsusi köməklik göstərib. Vanda Anadolu liseyinin konfrans zalında keçirilən görüşdə Türkiyənin Təhsil Nazirliyinin yüksək vəzifəli dövlət məmurları da iştirak ediblər. Nazırlik rəsmiləri də zalda toplanmış məzunlara seçim zamanı doğru addım atmağı, universitetlər arasından ən yaxşılara üstünlük verməyi məsləhət görüblər. İstanbulda xaricdə təhsil şirkətlərinin rəhbərləri ilə keçirilən görüşdə də növbəti tədris ilində əcnəbi tələbələrin AzMİU-nu seçməsi üçün danışıqlar aparılıb, qarşılıqlı razılıq əldə olunub, onlara universiteti tanıdan buklet və broşürlər paylanıb. Onu da qeyd edim ki, AzMİU əməkdaşlarının bu səfəri Türkiyənin yerli qəzet və saytlarında da işıqlandırılıb.

 

Bu il də həmin ənənəni davam etdirərək rəhbərlik etdiyim fakültənin əməkdaşları ilə birgə Türkiyə Respublikasına işgüzar səfərimiz olub. Ölkəmizin Qarsdakı Baş Konsulu Nuru Quliyev,  İstanbul Şəhər  Universiteti rəsmiləri ilə görüşlərimiz və onların bizə verdiyi dəstək sayəsində builki səfərimiz də məhsuldar keçib, səfər coğrafiyamız bir az da genişlənib. Ərzurumdan başlayaraq Trabzona, Ardahana qədər keçirilən görüşlərdə  bizə, universitetimizə xüsusi marağın, diqqət və hörmətin şahidi olduq. Ərzurumda Ərzurum Liseyi, Ərzincanda Mərkəz Ərzincan Liseyi, Girəsunda Anadolu İmam Hatip Liseyi, Trabzonda Trabzon Məsləki Fənn Liseyi, Rizədə Ali Metin Kazancı Rize Liseyi, Artvində Kazim Karabəkir Artvin Anadolu Liseyi, Ardahanda Anadolu İmam Hatip Liseyində keçirilən görüşlərdə yuxarı sinif şagirdləri, eləcə də onların valideynləri yaxınlaşaraq təmsil etdiyimiz universitetlə daha yaxından maraqlanır, çoxsaylı suallar ünvanlayırdılar.

 

Universitetimizə əcnəbi tələbələrin cəlb olunması üçün hələ ki, qonşu ölkə Türkiyəyə üstünlük veririk. Düşünürük ki, ərazi, dil, məişət və mədəniyyət baxımından yaxınlığımız türklərin ölkəmizdə təhsil alması üçün münbit şərait vəd edir. Lakin hədəflərimiz böyükdür, yaxın gələcəkdə bu məsələdə coğrafiyamızı genişləndirmək, başqa ölkələrdən də tələbə cəlb etmək istiqamətində əlaqələr qurulmasına çalışacağıq.

 

Gülnarə ƏSGƏRƏLİZADƏ,

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin dekanı