Səhiyyə Nazirliyi payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədi ilə tədbirlərə başlayıb. Nazirlik xüsusilə, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində sanitariya-maarif işinin təşkilini vacib sayır. Təklif olunur ki, məktəbli uşaqlar çevrədəki qripə şübhəli xəstələrdən qorunmaq məqsədilə qoruyucu maskalardan istifadə etsin.
İnfeksiyalara qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı əmrlə əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə tibb idarə və müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Nazirliyin mətbuat xitmətindən bildirilib ki, tibbi müşahidələr aparılması təşkil ediləcək , qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması təmin olunacaq.
Qrip və kəskin respirator virus xəstəliklərinin müalicəsi üçün dərman preparatları ehtiyatının yaradılması, şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində, habelə tibb müəssisələrində sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayətin gücləndirilməsi kimi əhəmiyyətli göstərişlər də verilib.