Osman Osmanov: “Onların sevgisini hiss etdikcə qürurlanıram”
Osman Osmanov 1977-ci ildə Zərdab rayonunun Yarməmməd bağı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1995-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinə daxil olub. Bakalavr təhsilinin ardınca ADPU-nun coğrafiya ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. 2004-cü ildən isə Şabran şəhər M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.
- Osman müəllim, necə oldu ki, siz müəllimlik peşəsini seçdiniz?
- Uşağın təhsil aldığı məktəbdəki pedaqoji kollektivin təhsilə, şagirdlərinə, müəllim yoldaşlarına münasibəti çox önəmlidir. Bütün bunlar uşağın təhsilə, insanlara münasibətinin formalaşması ilə yanaşı, gələcək peşə seçiminə də öz təsirini göstərir.
Məsələn, bir məktəbdə əgər müəllim kollektivi arasında münaqişələr varsa, onlar arasında mehribanlıq, sıx əməkdaşlıq yoxdursa, bu, həmin müəllimlərin pedaqoji fəaliyyətinə və uşaqlarla davranışına mənfi təsir etməklə yanaşı, dərs dedikləri şagirdlərin müəllim peşəsinə marağını da azaldır.
Əgər bir kollektivdə mehribanlıq, qarşılıqlı hörmət, əməkdaşlıq və sevgi varsa, bu, əlbəttə ki, təlim prosesinə müsbət təsir etməklə yanaşı, uşaqların müəllimi və müəllim peşəsini sevməsinə də səbəb olur. Mənim təhsil aldığım məktəbdə münasibətlər məhz belə sağlam idi. Bu, bizə bir ailə istiliyini xatırladırdı. Daha düzgün ifadə etsəm, məktəb bizim ikinci ailəmiz idi. Müəllimlərimiz bizə öz övladları kimi yanaşırdı. Xüsusən, coğrafiya müəllimim... Mən bir gün belə onun hansısa birimizə biganə yanaşdığını xatırlamıram. Müəllimlik peşəsini seçməyim də elə coğrafiya müəllimimlə bağlıdır. Ona baxaraq bu peşəni seçmişəm.
- Qarşınıza müəllim olmaq məqsədi qoydunuz. Bəs, şagird olaraq məqsədinizə nail olmaq üçün özünüzü necə motivə edirdiniz? Şagirdlərinizlə uğur formulunuzu paylaşırsınızmı?
- Uğurlu təhsil həyatı üçün o məlum üçbucaq (müəllim-şagird-valideyn) sağlam olmalıdır. Müəllimlərimin dəstəyi və diqqətini daha öncə qeyd etdim. Valideynlərim də öz növbələrində mənə böyük dəstək göstərirdilər. Atam mənə çox inanırdı. Onun istəklərini doğrultmaq, bu inamı yanıltmamaq mənim üçün çox önəmli idi. Bu isə müəllim peşəsinə yiyələnmək istəyimlə yanaşı, o məqsədə çatmaq üçün məni daha çox və səylə çalışmağa vadar edirdi. Ona görə də bu gün olimpiada qalibi olan şagirdim öz müsahibəsində deyəndə ki, “Müəllimimin mənə olan inamını doğrultmalı idim”, özümün o zamankı hiss və düşüncələrimi xatırlayıram. Təbii ki, onlar üçün motivasiya olmaq mənimçün çox sevindiricidir.
- Müəllim-şagird-valideyn münasibətlərinin sağlamlığının önəmini qeyd edirsiniz, bəs siz şagirdlərinizin valideynləri ilə əməkdaşlığı necə görürsünüz?
- Uşağın təhsilində valideyn və müəllim bərabər payda rol sahibidirlər. Hazırda əksər valideynlər istəyir ki, övladının yaxşı təhsil həyatı, parlaq gələcəyi olsun. Amma bunu sadəcə istəyib hər şeyi müəllimdən gözləmək də düzgün deyil. Valideyn mütəmadi məktəblə bağlantıda olmalı, sinif rəhbəri, fənn müəllimlərinin övladı haqqında fikirlərini öyrənməli, düzgün istiqamətləndirmə üçün evdə də müvafiq addımlar atmalıdır.
İnsanlar ən yaxşı, onların ortaq mövzuları olanda anlaşırlar. Ona görə də övladının təhsilinə dəstək olmaq istəyən valideyn onun dərsləri ilə bağlı ortaq mövzular tapmalı, yeri gələndə araşdırmalar aparıb övladı ilə bölüşməlidir. Bu, həm məktəblə paralel olaraq evdə də təhsil, elm, öyrənmə, araşdırma əhvali-ruhiyyəsinin davam etdirilməsinə, həm də uşaqlara valideyn dəstək və marağının hiss etdirilməsinə səbəb olar. Əmin olun ki, bu, uşaqlar üçün çox böyük motivasiya olacaqdır.
- Sizcə, yaxşı müəllim olmaq üçün nələr lazımdır və bir müəllim kimi siz öz fəaliyyətinizi necə qurursunuz?
- Yaxşı müəllim olmaq üçün birinci növbədə şagirdlərin sevgisini qazanmaq lazımdır. Bu isə sevmədən mümkün deyil. İkinci isə o sevginin haqqını vermək lazımdır. Bu da öz ixtisasını yaxşı bilmək və bildiklərini şagirdlərə öyrətməklə olur. Nəticədə, yaxşı müəllimin yaxşı yetirmələri də olmalıdır.
Əksər vaxtlarda dərsin nə zaman başlayıb, nə zaman bitdiyini bilmirik. Bunu ən çox uşaqların dilindən eşidirəm. Hər zaman dərsin 5 dəqiqəsini uşaqlarla tərbiyəvi söhbətə ayırıram. Mənə görə, tərbiyə təhsildən öncə gəlir. Bizim də məqsədimiz, əlbəttə ki, fəaliyyətimizi bu istiqamətdə qurmaqla əsl vətəndaş yetişdirməkdir. Ona görə buna hər zaman həssaslıqla yanaşmağa çalışıram. Həssaslıqla yanaşdığım mövzulardan biri də uşağın şəxsiyyətini qorumaq, qürurunu zədələməməkdir. Qüruru zədələnən uşağı yenidən özünə qazandırmaq çox çətin məsələdir. Buna görə də bərpası çətin olan dağıntılara yol açmaqdan qaçmaq lazımdır.
Artıq 15 ildir ki, pedaqoji fəaliyyət göstərirəm və bu müddətdə öz fəaliyyətimi təhlil etməyi heç dayandırmamışam. Təhlil və lazım gələndə də tənqid... Çünki bunlarsız təkmilləşmək, inkişaf etmək mümkün deyil.
- Osman müəllim, ixtisasınızdan başqa, nə ilə maraqlanırsınız və maraq dairənizə nələr daxildir?
- İdmanı çox sevirəm. Demək olar ki, elə ixtisasım qədər. Onların hansısa biri olmadan özümü təsəvvür edə bilmirəm. Uzun müddət kyokuşin karate idman növü ilə məşğul olmuşam. İndi də eyni qayda ilə davam edirəm. İdman da müəllimlik kimi, uzun fasilələri sevmir, əzmkarlıq və daim öz üzərində çalışmaq tələb edir.
- Çoxlu sayda yetirmələriniz var. Onlarla əlaqələriniz varmı?
- Əlbəttə. Onların hər biri ilə əlaqəm var. İş sahibi olanlarla telefonla danışırıq, bəzən də bir araya toplaşırıq. Hamısından çox razıyam, məni heç vaxt unutmurlar. Toylarına mütləq dəvət edirlər. Onların diqqətini, sevgisini hiss etdikcə, mən qürurlanıram.
- Bir müəllim kimi gələcək planlarınız necədir?
- Gələcəkdə Şabranın coğrafiyaçıları ilə tanınmasını istəyirəm.
Gülər HÜSEYNOVA,
Şabran Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi