Məktəbli foto və video jurnalistika kursları
Təhsil müəssisəmiz hər zaman müxtəlif yönümlü layihə və müsabiqələrdə iştirak edir. Bölgə təhsil müəssisəsi olaraq fəaliyyətimizi daha geniş şəkildə ictimaiyyətə çatdırmaq istəyirik. Növbəti uğurlu işimiz 2018-2019-cu tədris ilində Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olan “Deməyə sözümüz var” - məktəbli foto və video jurnalistika kursları adlı layihədir. Bu ilin sentyabr ayından həyata keçirilməyə başlayan layihə gələn ilin fevralında yekunlaşacaq.
Layihənin məqsədi müasir texnologiyalardan istifadə etməklə cəmiyyətdə mövcud olan əhəmiyyətli uğurlara və problemlərə geniş ictimaiyyətin diqqətini cəlb etmək üçün məktəblilər arasında bilik və bacarıqların artırılmasıdır.
Sözügedən layihənin 6 ay ərzində həyata keçiriləcəyi planlaşdırılır və layihə çərçivəsində fəal məktəblilərə foto və video jurnalistikanın əsasları haqqında məlumatın verilməsi, yuxarı sinif şagirdləri arasında müasir texnologiyalarla foto işinin və videoçarxların hazırlanması texnikasının öyrədilməsi, seçilmiş məktəblilərin hazırladıqları foto və video materiallarının sərgisinin təşkil edilməsi, məktəb nəzdində uzunmüddətli foto və video sahəsi üzrə dərnək formatında işləyəcək xüsusi studiyanın yaradılması işinin icrası olacaq.
Layihənin icrası müddətində hər qrupda 15 nəfər olmaqla ümumilikdə 2 qrupda 30 şagird üçün foto və video jurnalistikanın əsasları haqqında, eləcə də foto və video jurnalistika texnikası barədə təlim kursları təşkil olunacaq. Kurslarda dinləyicilərə təqdim edilən prezentasiyalar xüsusi hazırlanmış CD-lərə köçürülərək çoxaldılacaq. Bu materiallar kurs iştirakçılarına paylanılmaqla bərabər, həmçinin layihə üzrə digər tədbir iştirakçılarına təqdim ediləcək. Eyni zamanda, CD-lər kurs keçirilən təhsil müəssisəsindəki kompüter otaqlarına hədiyyə olunacaq. Həmin elektron daşıyıcılardakı məlumatdan təhsil müəssisəsində oxuyan digər yeniyetmələr də faydalana biləcəklər.
Daha sonra nəzəri cəhətdən əldə edilən biliklərin praktiki tətbiqi üçün təlim iştirakçıları cəmiyyətimizdə müxtəlif istiqamətlərdə (sosial, idman, təhsil, gənclik, mədəniyyət və s.) mövcud olan uğurlar və problemlər haqqında öz baxışlarını formalaşdırmaqdan ötrü foto və ya videoçarx hazırlayacaqlar. Bu işdə isə onlara müvafiq ekspertlər yaxından kömək edəcəklər. Təlimin iştirakçıları özləri smart qurğular (mobil telefonlar, planşetlər və s.) vasitəsilə ümumilikdə bir ssenari üzrə videoçarx və 20 fotoşəkil hazırlanması üçün müvafiq fəaliyyətlər həyata keçirəcəklər. Hazırlanmış və böyükölçülü yüksək keyfiyyətlə çap edilmiş ümumilikdə 20 fotodan və 1 videoçarxdan ibarət materiallar geniş ictimaiyyətə nümayiş olunması üçün Tovuz şəhərində sərgi təşkil ediləcək.
Onu da qeyd edim ki, sonda ictimaiyyəti, valideynləri, müəllimləri, şagirdləri və KİV-ləri layihənin yekunu haqqında məlumatlandırmaq məqsədilə yekun prezentasiya təşkil edilməsi nəzərdə tutulur.
Bu münasibətlə keçiriləcək tədbirdə layihənin məqsəd və vəzifələri, gedişi, fəaliyyət zamanı ortaya çıxan problemlər və onların həlli yollarından danışılacaq, həmçinin əldə olunan nəticələr, eləcə də statistik məlumatlar diqqətə çatdırılacaq, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır.
Ümid edirik ki, təqdim etdiyimiz layihə təhsil ictimaiyyəti tərəfindən maraqla qarşılanacaq.
Valeh MƏMMƏDOV,
Tovuz şəhər N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseyin direktoru