Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Eynəddin Məmmədovun bu adda kitabı işıq üzü görüb
Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə digər çap materialları bu qaim-qədim yurd yerlərimizlə bağlı qan yaddaşımızı daha da möhkəmləndirir, qəlbimizdə düşmənə nifrət və qəzəb hisslərini çoşdurur, bizi torpaqlarımızın bütövlüyü uğrunda mübarizəyə ruhlandırır. Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Eynəddin Məmmədovun təzəcə işıq üzü görmüş “İrəvandan başlanan yol” (Bakı, 2018) adlı kitabı bu baxımdan diqqəti cəlb edir. Azərbaycanın bu doğma və ulu bölgəsində yaşayan soydaşlarımızın həyat və məişətini, tarixi faciələrini müəllif özünün mənsub olduğu mötəbər və nüfuzlu bir nəslin, bir şəcərənin timsalında qələmə alıb. Şəxsi xatirə, zəngin və qiymətli arxiv sənədləri, real tarixi faktlar əsasında yazılması kitabın ümumi dəyərini və ona oxucu marağını daha da artırır.
E.Məmmədov mahir bir araşdırmaçı kimi İrəvanın uzaq tarixi keçmişinə və həmin tarixin ən müxtəlif məqamlarına baş vuraraq bir çox həqiqətləri üzə çıxarır ki, bu da saxtakar və yalançı erməni tarixçilərinin iftira və uydurmalarına tutarlı cavabdır. O, İrəvanın əski türk torpaqları, Azərbaycanın ayrılmaz bir parçası olduğunu, lakin tarixin sonrakı dönəmlərində aparılan işğalçılıq siyasəti nəticəsində yerli əhalinin sıxışdırılaraq öz dədə-baba yurdlarından çıxarıldığını əsl vətəndaş-alim yanğısı ilə qələmə alıb. Kitaba ön söz yazmış tanınmış jurnalist Əziz Ələkbərli haqlı olaraq qeyd edir: “Qarşımızdakı kitab, ilk baxışda, bir şəxsin, bir nəslin, bir tayfanın—Şeyx Məhəmmədbağır (Qazızadə) İrəvani və onun törəmələrinin tarixindən bəhs etsə də, əslində, onun səhifələrində Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik, təhsil, elm və mədəniyyət ocaqlarından olan Qərbi Azərbaycanın 3 min illik tarixindən söz açılır”.
Bütün dövrlərdə özünün xeyirxah əməlləri, yurdsevərliyi, ictimai-siyasi fəallığı ilə İrəvanın tarixində şanlı iz qoymuş, onun adını daim uca tutmuş ayrı-ayrı nəsillər və şəxsiyyətlər yetişib. Bu gün onlardan bəhs edilməsi, keçdikləri şərəfli yolun araşdırılması olduqca vacibdir. Məsələn, XVIII əsrdə yaşamış Fazil İrəvani kimdir? Oxucuların əksəriyyəti yəqin ki, bu adla ilk dəfə məhz bu kitabda tanış olacaqlar. E.Məmmədovun qeydlərindən öyrənirik ki, F.İrəvani təkcə yaşadığı İrəvan mahalında deyil, Şərqin dini ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibi olub.
İrəvan bölgəsində özünün nəcib və xeyirxah əməlləri ilə böyük nüfuz və ad-san qazananlardan biri olaraq Şeyx Molla Məhəmmədbağır Qazızadənin də adı kitabda yer alıb. Dövrün bir sıra elmlərinə yiyələnən Qazızadənin adı bölgədə yeni üsullu məktəblərin açılması istiqamətindəki təşəbbüsləri ilə, öz evində rus-tatar qızlar məktəbi açaraq milli maarifçilik tariximizin mühüm bir hadisəsinə imza atan şəxsiyyət kimi anılır. E.Məmmədovun M.Qazızadə ilə bağlı aşağıdakı qeydləri qəlbimizi qürur hissi ilə doldurur: “Dövrünün qabaqcıl maarifçi, elm və din xadimi idi. Şərq və Avropa mədəniyyətinə dərindən bələd olan alimin adı bütün Qafqazda hörmətlə çəkilirdi”.
Kitab müəllifi yeri gəldikcə XIX əsrdə İrəvanda mədəniyyət və maarifçilik sahəsində baş vermiş yeniləşmə prosesi ilə əlaqədar maraqlı fakt və hadisələrə diqqət çəkir. E.Məmmədov M.Qazızadə ilə yanaşı, bu dövrdə xalqın savadlanması, bəsirət gözünün açılması, elmi yeniliklərlə tanış olması üçün öz səylərini əsirgəməyən tərəqqipərvər azərbaycanlı ziyalıların adlarını çəkir, onların çətin və mürəkkəb bir tarixi şəraitdə bölgənin inkişafı naminə həyata keçirdikləri xeyirxahlıq missiyasını layiqincə dəyərləndirir. İrəvan maarifçiliyi tarixində çox böyük rol oynamış Əliqulu xan İrəvanski, Mirzə Qədim İrəvani, Abbas ağa Fərəcov, Mehdi Kazımov, Mirzə Həsən Rüşdiyyə Təbrizi, Mirzə Məhəmməd Şeyxzadə və başqa bu kimi yüksək əqidə və məslək sahiblərinin adları və mütərəqqi əməlləri kitabda xüsusi qeyd olunur, belə insanların ömür yolu gənclərə əsl örnək kimi təqdim edilir. Sonradan Məmmədovlar soyadı daşıyan Əlinağı Mirzə Məhəmmədbağıroğlunun və həmin nəslin başqa nümayəndələrinin vətənpərvərliyi, milli dəyərlərə sadiqliyi, istedad və bacarığı da bu kitabda xüsusi yer alıb. Qeyd olunur ki, bu nəslin davamçılarından bir neçəsi Rusiyanın və Avropanın ən nüfuzli ali məktəblərində təhsil almışlar. Onların arasında Stalin repressiyasının qurbanları da olub. Bu sülalədən Abbas və Rəşad Məmmədovlar kimi dövlət xadimləri, Adil Məmədov kimi hərbçi, Fuad Məmmədov kimi təcrübəli və səriştəli milli təhlükəsizlik xidməti işçisi, Paşa Qəlbinur kimi dünya şöhrətli alim və şair, Əkbər, Həbib, Hüseyn və Fəxrəddin Məmmədovlar kimi müdrik, xeyirxah ağsaqqallar da çıxıb.
E.Məmmədov bizim nə vaxtsa doğma torpaqlarımıza qayıdacağımıza daxili bir inam yaradır. Memuar ədəbiyyatının gözəl bir nümunəsi olan bu kitab həm də elmi-tədqiqat səciyyəli məqamları ilə mühüm maraq doğurur.
Onu da qeyd etmək lazımdır ki, kitabda istifadə olunan əlyazmaları və sənədlər Sankt-Peterburq, Tiflis və Təbriz arxivlərindən götürülüb.
Professor Eynəddin Məmmədovun bu kitabı əzəli yurd yerlərimizdən biri olan İrəvan bölgəsinin, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixini öyrənmək istəyənlər üçün dəyərli bir mənbədir.
Sahib İBRAHİMLİ,
filologiya elmləri namizədi, Əməkdar mədənyyət işçisi