Bakıdakı Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair Vahid Əzizlə “ Vahid Əziz dünyasının möcüzəsi “ adlı görüş keçirilib. Şairin şeirlərinə bəstələnmiş mahnıların sədaları altında akt zalına daxil olan müəllim, şagird və qonaqları məktəbin direktoru Məsud Babayev salamlayaraq, tanınmış şairin yaradıcılığı haqqında geniş məlumat verib. Direktor qeyd edib ki, Vahid Əzizlə görüş müəllim və şagirdlərin çoxdankı arzusu idi və nəhayət, bu gün reallaşdı.
Gecənin aparıcısı, məktəbin 10 B sinif şagirdi Lalə Şirinzadə Vahid Əzizin həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra məktəb şagirdlərinin ifasında Vahid Əzizin məktəbə və müəllimlərə olan sonsuz məhəbbətini əks etdirən şeirləri səslənib.
Çıxışında görüş iştirakçılarını maraqlandıran sualları cavablandıran şair onunla belə bir görüşün təşkil edildiyinə və yaradıcılığına diqqət göstərildiyinə görə məktəb rəhbərliyinə, poeziya gecəsinin təşkilatçısı, məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin sədri Nəzakət Cəfərovaya və tədbirin ərsəyə gəlməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.
Görüş şair Vahid Əziz və poeziya vurğunları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Sifai SƏFƏROVA