AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” sərəncamının əhəmiyyətini vurğulayan İ.Hacıyev Ali bununla əlaqədar Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrdən danışıb.
Daha sonra iclasda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin 70 illik yubileyinin qeyd edilməsi və səmərəli elmi fəaliyyətinə görə onun Bölmənin Fəxri Fərmanı ilə təltif edilməsi ilə bağlı qərar qəbul edilib.
Tədbirdə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Musa Quliyevin “Böyük sərkərdə I Kalbalı xan Kəngərli-Naxçıvanskinin həyatı və fəaliyyəti rus şərqşünası, tarixçi K.M.Smirnovun elmi əsərlərində” mövzusunda elmi məruzəsi dinlənilib.
İclasda, həmçinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının fəaliyyəti ilə bağlı laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun çıxışı dinlənilib. O, son illərdə laboratoriyanın əldə etdiyi mühüm elmi nailiyyətlər barədə ətraflı məlumat verib.
Sonda aparılan elmi-tədqiqat işləri müzakirə edilib və bu işlərin istehsalatda tətbiqinin artırılması ilə bağlı müvafiq göstərişlər verilib.
Toplantıda bir sıra elmi-təşkilati və cari məsələlərə də baxılıb.