Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 60 illik və Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar “Ulduzlar və planetlər fizikası” adlı beynəlxalq konfrans keçirilir. Konfransda Rusiya, Ukrayna, Polşa, Hollandiya, İtaliya, Türkiyə, Almaniya, Gürcüstan, Tacikistan, İsveç, Hindistan və Qazaxıstandan olan nüfuzlu alimlər iştirak edir.

 

Konfransın məqsədi rəsədxanada aparılan elmi tədqiqat istiqamətlərinin dünya elminə inteqrasiyası, yeni yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq elmi tədqiqat proqramlarına çıxışların təmin edilməsidir.

 

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq konfransın mövzusu haqda iştirakçılara məlumat verib.

 

Sonra Akademiyanın vitse prezidenti, akademik  Rasim Əliquliyev  Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif  Əlizadənin Şamaxı Astrofizika Rəsədxanasının 60 illik yubileyi ilə bağlı konfrans iştirakçılarına müraciətinin səsləndirib.

 

AMEA-nın Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Nazim Məmmədov öz növbəsində tədbir iştirakçılarını salamlayıb və rəsədxana üçün əlamətdar olan yubiley ərəfəsində belə bir beynəlxalq tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, bildirib ki, Şamaxı Astrofizika Rəsədxanası fəaliyyəti dövründə bir çox uğurlara imza atıb. Bunlara misal olaraq rəsədxana əməkdaşlarının son illərdə qazandıqları Avropa Birliyinin FP7  və HORİZON 2020, qrantlarını göstərib.

 

Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxı Astrofizika Rəsədxanasının kollektivini yubiley münasibətilə təbrik edib. O qeyd edib ki, bu cür beynəlxalq konfransların Şamaxıda keçirilməsi buranın elmi və turistik imkanlarının dünyaya göstərilməsi üçün böyük əhəmiyyət daşıyır.

 

Ardınca Rusiya Elmlər Akademiyasının akademiki, Kazan Universitetinin professoru Nail Saxibulin, Şamaxı Rəsədxanasında daha öncəki səfərindən bu günədək ciddi dəyişikliklərin  olduğunu vurğulayıb və bu konfransın beynəlxalq elmi əlaqələri genişləndirəcəyini diqqətə çatdırıb.

 

Daha sonra Namiq Cəlilov ŞAR-ın tarixi, onun 60 ildə keçdiyi uğurlu inkişaf yolu, əldə olunan elmi nailiyyətlər və gələcək planlar barədə məruzə ilə çıxış edib.

 

Qeyd edək ki, elmi tədbir sentyabrın 20-dək davam edəcək. Bu müddət ərzində konfransda Kainat və onun struktur elementlərinin (qalaktikalar, ulduzlar, planetlər) fizikası sahəsində əldə olunmuş son elmi nailiyətlərin müzakirəsi nəzərdə tutulur. 

 

Gənc tədqiqatçıların elmi yaradıcılıq fəallığını artırmaq və stimullaşdırmaq məqsədi ilə, konfransda onların çıxışlarına da geniş yer ayrılıb.