Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (AMİU) kollektivi İstanbul Maltəpə Bələdiyyəsinin keçirdiyi Beynəlxalq Teatr Festivalında iştirak edib.
Festivalda yapon yazıçısı Kobo Abenin "Zamanın uçurumu" pyesi əsasında hazırlanan "Boksçu" tamaşası nümayiş olunub. “Puç olmuş zaman haqqında psixoloji dram” janrında hazırlanan səhnə əsərində ADMİU-nun magistr tələbəsi Hilal Dəmir, Teatr sənəti fakültəsinin 2-ci kurs tələbələri Fərhad Quluzadə və İsrafil Tağıyev çıxış edirlər. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nofəl Vəliyev, plastik həllin müəllifi və döyüş səhnələrinin quruluşçusu Ceyhun Dadaşov, rejissor assistenti Könül Ələkbərovadır.
Tamaşa festival iştirakçıları seyrçilər tərəfindən maraqla qarşılanıb və mükafat qazanıb. Əməkdar artist Nofəl Vəliyev əmək ödülünə, 2-ci kurs tələbəsi Fərhad Quluzadə ən yaxşı gənc aktyor nominasiyası üzrə mükafata layiq görülüb.