Sentyabrın 16-da Masallı rayonu Gəyəçöl kənd N.Həsənov adına tam orta məktəbin yeni binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, millət vəkili Elmira Axundova, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, məktəbin pedaqoji kollektivi, şagird və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov yeni tədris ilinin başlanması münasibətilə müəllim, şagird və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Fərzəli Qədirov son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirib, 2003-2018-ci illərdə 3 200-dən çox məktəbin tikildiyini və ya əsaslı təmir edildiyini, 1 milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşdırıldığını diqqətə çatdırıb. Fərzəli Qədirov eyni zamanda cari ildə Təhsil Nazirliyi tərəfindən 20 yeni məktəb binasının inşa edildiyini, 8 məktəbin əsaslı təmir olunduğunu, 15 modul tipli məktəbin quraşdırıldığını, beləliklə 43 təhsil müəssisəsinin yeni tədris ilinin ilk günündə istifadəyə verildiyini vurğulayıb, ilin sonunadək daha 41 təhsil müəssisəsinin təhvil verildiyini diqqətə çatdırıb.
Nazirliyin Aparat rəhbərinin müavini təhsil sahəsində qazanılan uğurlardan, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və yeni dərs ilinin qarşıda duran vəzifələrindən danışıb.
Tədbirdə iştirak edən digər şəxslər də yeni məktəb binasının açılışı münasibətilə ölkə Prezidenti cənab İlham Əliyevə və Təhsil Nazirliyinə təşəkkür ediblər.
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, yeni məktəb binası 264 şagird yerlikdir. Binada 11 sinif otağı, fizika, kimya, biologiya, informatika, hərbi hazırlıq kabinetləri, kitabxana, idman ve akt zallari mövcuddur. Məktəbdə 31 müəllim tədris fəaliyyəti göstərir.
Bununla yanaşı, bu gün Masallı rayonunda Bala Təklə kənd Y.Ağayev adına ümumi orta məktəb üçün inşa edilmiş 96 yerlik, Şıxlar kənd 2 nömrəli ümumi orta məktəb üçün inşa edilmiş 56 yerlik modul tipli məktəblərin də açılışı olub.