Sentyabrın 16-da Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov, şagird və müəllimlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.
Açılışda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov yeni məktəb binasının istifadəyə verilməsi və tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini, məktəbliləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Firudin Qurbanov ölkənin bütün bölgələrində yeni məktəblərin inşa edildiyini, köhnə məktəb binalarının isə əsaslı təmir olunduğunu vurğulayıb. Nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışıb, təhsil sahəsində qazanılan uğurlardan söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Açılış mərasimində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov öz növbəsində məktəbin müəllim və şagird kollektivini təbrik edib, son illərdə rayonda təhsil sahəsində əldə edilən nailiyyətlərdən danışıb.
Daha sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, 432 şagird yerlik Lənkəran rayonu N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbində 384 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Yeni açılan məktəb binasında müasir tədris avadanlıqları ilə təchiz olunmuş sinif otaqları, laboratoriya, kompüter otağı, akt zalı, idman zalı, hərbi hazırlıq otağı və kitabxana yerləşir.
***
Sentyabrın 16-da Lənkəran Dövlət Universitetinin yeni tələbə yataqxanasının və 2 yeni tədris binasının da açılış mərasimi keçirilib.
Açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, universitetin professor-müəllim-tələbə heyəti, rayon ictimaiyyətinin nümayəndələri və valideynlər iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycanda təhsil sahəsi daim dövlətin diqqətindədir, ölkə Prezidenti cənab İlham Əliyev təhsilin inkişafına qayğısını əsirgəmir. Nazir müavininin sözlərinə görə, son 15 il ərzində 3 200 yeni məktəb binasının inşa olunması, ali təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi, təhsilə maliyyə dəstəyinin gücləndirilməsi bu qayğının bariz nümunəsidir.
Firudin Qurbanov tələbə yataqxanasının istifadəyə verilməsini yüksək dəyərləndirərək, bunun tələbələrin mənzil-məişət şəraitinin yaxşılaşmasına müsbət təsir göstərəcəyini deyib. Yeni tədris korpuslarının inşa olunmasının müəllimlərin iş, tələbələrin təhsil almaq şəraitinin yaxşılaşdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən Firudin Qurbanov ölkədə təhsilin inkişafı istiqamətində aparılan işlər barədə də ətraflı danışıb.
Firudin Qurbanov çıxışının sonunda yeni tədris ilinin başlanması, “Bilik Günü”, yeni tədris korpuslarının və tələbə yataqxanasının istifadəyə verilməsi münasibəti ilə hər kəsi təbrik edib.
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Natiq İbrahimov da çıxışında 2 yeni tədris binasının və 160 yerlik tələbə yataqxanasının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirərək bildirib ki, bu, tədrisin keyfiyyətinin yüksəlməsinə, kadr hazırlığına müsbət təsir göstərəcək, digər regionlardan gələn tələbələrin mənzil probleminin həllinə yardımçı olacaq. Natiq İbrahimov Lənkəran Dövlət Universitetində son illərdə aparılan işlərdən söz açıb.
Mərasimdə Lənkəran Şəhər icra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər qonaqlar da çıxış edərək tələbə yataqxanası və yeni tədris korpuslarının inşasının əhəmiyyətini qeyd ediblər.
Daha sonra tədbir iştirakçıları tələbə yataqxanasında və tədris korpuslarında yaradılmış şəraitlə tanış olublar.
Açılış mərasimlərindən sonra Firudin Qurbanov Lənkəran Dövlət Universitetinin professor-müəllim kollektivi ilə görüş keçirib. Görüşdə təhsillə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, 160 yerlik tələbə yataqxanasında hər cür şərait yaradılıb, otaqlar zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub. Yataqxanada idman zalı, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi tələbələrin ixtiyarında olacaq. Yataqxana binasında videomüşahidə,yanğın əleyhinə siqnalizasiya sistemləri,internet və telefon xətləri çəkilib. Tədris korpusları da müasir tədris avadanlıqları, laboratoriyalarla təmin olunub,informatika kabinetləri ,kitabxana ,oxu və idman zalları yaradılıb.
2019-2020-ci tədris ilində Lənkəran Dövlət Universitetinə 1200-ə qədər bakalavr və 67 magistr qəbul olunub.