Görkəmli alimin 95 illik yubileyinə həsr olunmuş tədbir
Bakı Mühəndislik Universitetində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə öncə akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.
Universitetin rektoru, professor Havar Məmmədov Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, akademik Zərifə Əliyeva gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim olub.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi Nübar Haşımova çıxışında onu şəxsən tanıdığını və Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edib. Bildirib ki, Zərifə xanım ölkəmizdə oftalmologiyanın, xüsusən gözdə əmələ gələ biləcək peşə xəstəliklərinin müalicəsinə dair bir çox sanballı tədqiqatların və elmi əsərlərin müəllifidir.
Azərbaycan Respublikası Qadınlar Şurasının sədri Bahar Qasımova akademik Zərifə Əliyevanın xeyirxahlığından söz açıb. Qeyd edib ki, Zərifə Əliyeva xanımlar üçün nümunədir. Bahar Qasımova rəhbərlik etdiyi qurumun akademikin yubileyi münasibətilə keçirdiyi tədbirlər barədə də məlumat verib.
Sonda tədbirin təşkilatçısı olan Bakı Mühəndislik Universiteti Qadınlar Şurasının sədri Ətrabə Gül mərasimin yeni yaradılan qurumun ilk tədbirlərindən olduğunu bildirib, universitetdə işləyən və oxuyan xanımların elmi və ictimai fəaliyyətlərində akademik Zərifə Əliyevanı örnək alaraq ölkəmizin inkişafına töhfə verəcəklərinə inandığını söyləyib.